Məhkəmə qərarları › İş №3(125)-1960/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1960/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1960/2024 03.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Ermənistan Respublikasının Noemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə tələbkar X3 məxsus olan 1,0 ha torpaq sahəsində borclular X6, X9, Şəxs, X7, X4, X8 və X11 tərəfindən inşa edilmiş özbaşına tikintilər borcluların hesabına sökülməlidir, borclular, həmçinin tələbkarın mülkiyyət hüququnun reallaşmasına maneə törədən şəxslər borcluların zəbt etdikləri torpaq sahəsindən çıxarılsınlar və borcluların zəbt etdikləri torpaq sahəsi boşaldılaraq tələbkar X3 təhvil verilməlidir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-93/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və müxtəlif tarixlərdə inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar borcluya təqdim edilmiş, eyni zamanda izahatı alınmışdır. Bundan əlavə tələbin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən tələbi icra etməyəcəyini bildirmişdir. Bununla yanaşı borclu Şəxs sözügedən icra sənədinin icrasını təmin etmədiyi üçün Gəncə Şəhər Məhkəməsinin 3(125)-1482/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati qaydada 500 manat cərimə edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu, tələbi qanunla müəyyən edilmiş müddətdə təmin etməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə, o cümlədən il ərzində bir dəfə də İXM-nin 528.1-ci maddəsi ilə tənbeh olunmasına baxmayaraq, icra sənədini icra etməmişdir. Hazırda borclu icra sənədindəki tələbi icra etmir və tələbkar ilə icra sənədinin icrası ilə bağlı heç bir razılığa gələ bilməmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır, bu barədə icra məmuru onu məlumatlandırmışdır. O, qeyd edilən torpaq sahəsini İcra Hakimiyyətindən sərəncam əsasında almış, orada fərdi yaşayış evi tikmiş və hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, bir neçə dəfə tələbkarla, yəni torpaq sahəsinin mülkiyyətçisi ilə razılığa gəlməyə çalışmış, lakin razılıq əldə edə bilməmişdir. Buna baxmayaraq o, hazırda da tələbkarla razılığa gəlmək üçün danışıqları davam etdirir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yеri bаrədə zərərçəkmiş şəxs (tələbkar) X10 qızına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmədə iştirak etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə bахılmаsını mümkün hеsаb еdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(044)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli (icra vərəqəsi xx.xx.2023-cü il tarixdə verilmişdir) icra vərəqəsinə əsasən MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə tələbkar X3 məxsus olan 1,0 ha torpaq sahəsində cavabdehlər X6, X9, Şəxs, X7, X4, X8 və X11 tərəfindən inşa edilmiş özbaşına tikintilər cavabdehlərin hesabına sökülməsi, cavabdehlər, həmçinin iddiaçının mülkiyyət hüququnun reallaşmasına maneə törədən şəxslər cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılması və cavbdehlərin zəbt etdikləri torpaq sahəsi boşaldılaraq iddiaçı X3 təhvil verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(044)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-1482/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(044)- 93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs tələbi icra sənədi ilə müəyyən edilmiş qaydada icra etməyərək icra sənədinin icrasından yayınmış və tələbkarla tələbin icrası ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Repubilkası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar