Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1997/2024 04.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhər 2-ci PŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər 2-ci PŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 04 iyun 2024-cü il tarixli MN ******* saylı protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhəri 2-ci PŞ-nin inzibati ərazisində narkotik vasitədən istifadə etməsi müəyyən edilmiş nəticədə İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, DYP əməkdaşları Şəxs narkotik vasitə təsiri altında avtomobil idarə etməkdə şübhəli bildiyindən narkoloji dispanserə apararaq müayinədən keçirtmişlər. Müayinə nəticəsində onun sidiyində narkotik vasitə aşkar olunmuşdur. Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsi müayinə aktı ilə tam sübuta yetirilmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Gəncə şəhəri 39 saylı orta məktəbdə oxuyan qızını götürmək üçün özünə məxsus BMW markalı **-VR-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, D.Qorqud küçəsi ilə hərəkətdə olan zaman, təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün DYP əməkdaşları ona avtomobili saxla əmri vermişlər. O da idarə etdiyi avtomobilini saxlamışdır. Həmin vaxt DYP əməkdaşları ondan spirtli-içki qəbul edib-etmədiyini soruçduqda o, spirtli içki qəbul etmədiyini demişdir. Daha sonra sərxoşluq hallarının müayinəsi üçün Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinə gedərək müayinədən keçmişdir. Müayinə zamanı sidik nümunəsindən narkotik vasitə THC aşkar edilmişdir. Həmin vaxt özü səmimi olaraq polis əməkdaşlarına bildirmişdir ki, təxminən 10 gün bundan əvvəl “marixuana” olan narkotik vasitəni siqaretə doldurub yandırıb istifadə etmişdir. Həmin gündən sonra o, narkotik vasitə marixuana qəbul etməmişdir. Sonda 1 ildən çoxdur ki, həbsdən çıxdığını, 2ci qrup əlil olduğunu və QİÇ infeksiyası daşıyıcısı olduğunu qeyd edərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: - 04 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materiallarda cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Gəncə şəhər 2-ci Polis Şöbəsinin İTBnə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş 04 iyun 2024-cü il tarixli, 983 saylı rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - 04 iyun 2024-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə” aktından görünür ki, Şəxs sərxoşluq müayinəsinin nəticəsində sidiyində narkotik vasitə olan marixuana (THC) aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1997/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1997/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver