Məhkəmə qərarları › İş №3(125)-1999/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1999/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1999/2025 17.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Samux rayonu, Alıuşağı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Samux rayonu, Alıuşağı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X12 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə sürücü, Şəxs sürücülük hüququ olmaqla, ayıq vəziyyətdə və etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” minik markalı ** BV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, N.Nərimanov prospekti ilə düzünə hərəkətdə olan zaman ehtiyyatsızlıqdan həmin prospektdə yolun kənarı ilə hərəkətdə olan piyada, Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs YÜNGÜL dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, hadisə baş verdiyi zaman onun avtomobilinin tormozu işləməmiş və nəticədə Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs topuğu çıxmış və onu evinə aparmışlar. Zərərçəkmiş şəxs ondan bu hadisəyə görə 500 manat istəmiş və o, pulu olmadığı üçün onun istədiyi pulu verməmişdir. Nəticədə zərərçəkmiş şəxs polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs idarədə heç bir şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs onun qohumudur. Hadisə ehtiyatsızlıqdan baş vermişdir, özünü təqsirli bilir, əməlindən peşmandır, onun iki azyaşlı övladı vardır. Hazırda barışmışlar. Sonda məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 bildirmişdir ki, onlar Şəxs ilə birlikdə dəmir alıb-satmaqla məşğul olurlar. O, yolun kənarında bir neçə nəfər ilə dayandığı zaman Şəxs avtomobilini onun üzərinə sürmüş və o, nəticədə ayağından xəsarətlər almışdır. O, telefon ilə danışdığı üçün vaxtında özünü qoruya bilməmişdir. O, özü onu evinə aparmalarını istəmişdir. İki gün keçməsinə baxmayaraq Şəxs onun yanına getməmişdir. O, Şəxs zəng edərək həkimə getmək istədiyini bildirmişdir. O, xəstəxanaya getdiyi zaman polis əməkdaşları oraya gəlmiş və baş verənləri onlara danışmışdır. O, ona vurulan zərərlə bağlı bütün xərcləri özü çəkmişdir. Onlar barışmışdır. Onun heç bir şikayəti yoxdur. Sonda inzibati icraat aparılan şəxs ilə barışıdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarıda olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X12 Şöbəsinə göndərilməsi qərara alınmışdır. -Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “VAZ-2106” minik markalı ** BV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə saat təxminən 17 radələrində o, idarə etdiyi “VAZ-2106” minik markalı ** BV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, N.Nərimanov prospekti ilə düzünə hərəkətdə olub yaşadığı rayona gedən zaman onun idarə etdiyi avtomobilin əyləc sistemində nasazlıq yaranmış və o, idarə etdiyi avtomobil səkinin üzərinə çıxmış və orada olan piyadanı vurmuşdur. Sonra o piyadaya yaxınlaşmış və heç bir xəsarət almadığını demişdir. O, isə oradan uzaqlaşmışdır. xx.xx.2025-ci il tarixdə isə polis əməkdaşları ona zəng edərək, onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. -Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində yolun kənarında səkidə oturarkən ağ rəngli Vaz 2106 markalı avtomobilin sürücüsü onu vurmuşdur. Daha sonra sürücü və tanımadığı iki nəfər şəxs onu yaşadığı ünvana gətirmişdir. Həmin vaxt heç bir xəstəxanaya müraciət etməmişdir. Adını sonradan bildiyi sürücü Şəxs ona heç bir yardım güstərməmişdir. xx.xx.2025-ci il tarixdə gecə ağrıları olduğundan xx.xx.2025-ci il tarixdə səhər saatlarında Gəncə şəhər, Z.Məmmədov adına xəstəxanaya müraciət etmişdir. Elektron çıxarışdan görünür ki, Şəxs xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı üç övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş şəxsin etirafedici ifadəsi, inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində azyaşlı övladlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Şəxs məsuliyyətini məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X11 Şöbəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X11 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar