Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-20/2025 17.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 iştirakı ilə, X7 xx.xx.2024-cü il tarixli, EQ 22936005 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı X2 xx.xx.2024-cü il tarixli, EQ 22936005 saylı inzibati qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş DYPİ-nin polis polkovnik leytenantı X2 xx.xx.2024-cü il tarixli, EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar tamamilə qanunsuzdur və qəbul edilərkən qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, əksinə olaraq qanunvericiliyi pozmaqla tərtib edilmişdir. Belə ki, sözügedən qərar xüsusi texniki vasitədən istifadə etməklə tərtib edilməli olduğu halda, polis əməkdaşı tərəfindən fərdi məlumatlara müdaxilə etməklə tərtib edilmişdir. Yəni kamera arxasında oturan hər hansı polis əməkdaşı (operator) kameradan şəhəri müşahidə edərkən qanun pozuntusunu aşkar etmiş və həmin an ümumiyyətlə ona məxsus olmayan avtomobilin yan tərəfindən şəkilini çəkmiş, eləcə də onun etibarnamə üzrə idarə etdiyi (anası X5 məxsus) avtomobilin dövlət qeydiyyat nömrəsini qabaq hissədən və digər kameranı yaxınlaşdırmaqla foto şəkil çəkmiş və bununla da o, 100 manat məbləğində cərimə edilmişdir. Mülkiyyətində olan avtomobilin təhlükəsiz şəhər kamerası vasitəsi ilə yaxınlaşdırılaraq dövlət qeydiyyat nişanının götürülməsi, fərdi məlumatlara müdaxilədir, belə müdaxilənin olmaması üçün qanunvericilik "xüsusi texniki vasitələr" tətbiq etməklə inzibatı xətanın aşkara çıxarılmasını imperativ şəkildə qeyd etdiyi təqdirdə hazırki qərar xüsusi texniki vasitədən istifadə etməməklə tərtib edilmişdir. Həmçinin qərarda qeyd olunan kimi, yəni svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməməsi kimi qayda pozuntusunu ümumiyyətlə törətməmişdir. Sözügedən qərarda "inzibati xətanın aşkar edilməsi xüsusi texniki vasitənin məlumatı əsasında" müəyyən edilmişdir kimi ifadə işlənmiş, lakin qərarda xüsusi texniki vasitə barədə heç bir məlumat göstərilməmişdir. Onu da qeyd edir ki, sözügedən məsələ üzrə törəldilmiş inzibati xəta anası X4 mülkiyyətində olan **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet Cruse” markalı, yəni hal-hazırda etibarnamə üzrə idarə etdiyi avtomobilə İXM-nin 327.2-ci maddəsi ilə çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış və 100 (bir yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilmişdir. Bundan sonra həmin elektron qərarı məhkəmə qaydasında mübahisəndirmiş, bunun nəticəsi olaraq məhkəmə hesab etmişdir ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, yəni Baş DYPİ-nin üzərinə qoyulsa da, həmin orqan X4 İXMnin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024ci il tarixli, 3(125)-2942/2024 nömrəli qərarı ilə anası-X4 şikayəti qismən təmin edilmiş, onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş, lakin həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Baş DYPİ-nin səlahiyyətli vəzifəli şəxsinə göndərilmişdir. Bundan sonra, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 3(125)-2942/2024 nömrəli qərarından bir müddət sonra ona məlum olmuşdur ki, BDYPİ-nin polis polkovnik leytenantı X2 xx.xx.2024-cü il tarixli, EQ/22936005 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərarda fotoşəkillər olduğu kimi qalmış lakin ad, soyad və qərarın tarixini dəyişdirməklə onun barəsində qanunsuz qərar qəbul edilmişdir. Belə ki, qərarda inzibati xətanı törədən avtomobil “BMW” markalı avtomobildir və həmin avtomobil ona məxsus deyildir. Həmçinin onun idarə etdiyi avtomobil **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet Cruse” markalı avtomobildir. Buna görə də sözügedən qərar tam şəkildə əsassız və qanunsuz olmuşdur və bu hal fotoşəkillərdə də öz əksini tapmışdır. Həmçinin inzibati xətanı törətmiş avtomobilin fotoşəkillərinə diqqət yetirilən zaman TŞK vasitəsi ilə avtomobilin yan hissəsindən çəkildiyi görsənsə də, avtomobilin dövlət qeydiyyat nişanı isə TŞK vasitəsi ilə çəkilməmişdir. Bunun əvəzində isə digər ərazidə yerləşən TŞK vasitəsi ilə bu məsələyə heç bir aidiyyəti olmayan onun etibarnamə üzrə idarə etdiyi avtomobilin ön hissəsinin dövlət qeydiyyat nişanı çəkilmişdir. Odur ki, qeyd edilənlərə əsasən xx.xx.2024cü il tarixli, EQ/22936005 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsini xahiş edirəm. Məhkəmə iclasında X9 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək inzibati xəta törətmədiyinə görə həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin mübahisələndirilən qərarı və onun əsasını təşkil edən protokolun qanuniliyinə və əsaslığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 22936005 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, X9 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 22936005 saylı inzibati tənbeh vermə haqqında qərarda onun inzibati xəta törətməsi məlum olmur. Belə ki, inzibati tənbeh vermə haqqında elektron qərardakı şəkillərdən aydın olur ki, inzibati xətanı törədən avtomobil “CHEVROLET CRUSE” markalı avtomobil deyil. Lakin digər şəkildə, yəni avtomobilin dövlət qeydiyyat nişanını çəkmək üçün yaxınlaşdırılmış şəkildə sözügedən inzibati xətanın **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı “CHEVROLET CRUSE” markalı avtomobil ilə törədilməsi müəyyən olunur. Beləliklə inzibati xətanın törədildiyi vaxt qeydə alınmış foto-şəkillər arasında açıq şəkildə ziddiyyət mövcuddur. Bu ziddiyyətin aradan qaldırılması üçün məhkəmə tərəfindən inzibati xəta törədilən zaman qeydə almış xüsusi texniki vasitənin göstəriciləri və görüntüləri məhkəməyə təqdim olunmasına dair Baş Dövlət Yol Polisinə sorğu verilmiş, lakin həmin sorğuya cavab verilməmişdir. Beləliklə məhkəmə iclasında xx.xx.2024-cü il tarixli, EQ 22936005 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X7 təqsiri sübuta yetirilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məhkəmə tərəfindən Gəncə şəhər DYPŞ-yə göndərilən sorğuya cavab olaraq inzibati xətaya aid foto və ya video görüntülər, həmçinin başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən işə baxılarkən X7 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməsi və ya digər pozuntu törətməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X7 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22936005 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin edilsin. X9 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22936005 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-20/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-20/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver