Məhkəmə qərarları › İş №3(125)-200/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-200/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-200/2025 22.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, protokolu tərtib edən Gəncə şəhər BPİ-nin X10 Şöbəsinin axtarış üzrə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X2 və müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhər 16 saylı tam orta məktəbin 11-ci sinif şagirdi, Gəncə şəhəri, X9, ev 25, mənzil 22 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (FİNxxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:10-da “Opel Astra” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin X10 Şöbəsinin polis baş leytenantı X3 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, təhlükəsizlik şəhər kamerasından götürülmüş görüntülərdən görünür ki, Şəxs 19 yanvar 2025-ci il tarixdə saat 23:10 radələrində idarə etdiyi “Opel Astra” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri ərazisində yerləşən müxtəlif prospekt və küçələrdə digər avtomobili idarə edən sürücü ilə sürət yarışını həyata keçirdiyi üçün onun barəsində İXM-nin 511.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (qanuni nümayəndəsi və vəkilin iştirakı ilə) izahat verərək göstərdi ki, protokolda qeyd edilən inzibati xətanı törətməmişdir. Belə ki, o, 19 yanvar 2025-ci il tarixdə əmisinə dərman almaq üçün evdən atasına məxsus Opel markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili atasından xəbərsiz Gəncə şəhəri, Atatürk prospekti ilə idarə edərək aptekə getdiyi zaman tanımadığı qırmızı rəngli avtomobili idarə edən şəxs onun idarə etdiyi avtomobilin üzərinə doğru çəkərək hərəkətini davam etdirmişdir. Lakin həmin qırmızı rəngli VAZ 2107 markalı avtomobil o, öz yolu ilə normal hərəkət etməsinə baxmayaraq ona narahatçılıq yaratmışdır. O da həmin vaxt onun kim olduğunu bilmək üçün ona yaxınlaşıb “niyə belə hərəkət etdiyini bildirmək” istəmişdir. Bu zaman həmin sürücü oradan uzaqlaşmışdır. O, idarə etdiyi avtomobillə hər hansı avtomobili idarə edən sürücü ilə sürət yarışı həyata keçirməmişdir. Qeyd edilənləri nəzərə alıb barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi X5 məhkəməyə izahat verərək, bildirdi ki, Şəxs atasıdır. Oğlu Şəxs avtomobili ondan icazəsiz idarə etdiyinə görə səhv etmişdir. Lakin oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, o, sözügedən inzibati xətanın görüntülərini izləmiş və həmin video görüntülərdən aydın şəkildə görünür ki, oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinin tərkibi yoxdur. Buna görə də oğlu Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hazırki inzibati xəta haqqında iş üzrə icraat düzgün aparılmamışdır. Belə ki, Şəxs yetkinlik yaşına çatmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman şəxs həm vəkil, həm də qanuni nümayəndə ilə təmin edilməli olduğu halda, həmin vaxt nə vəkilin, nə də qanuni nümayəndənin iştirakı təmin edilmişdir. Bununla yanaşı həmçinin Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla da razı deyildir. Belə ki, o, sözügedən inzibati xətanın görüntülərini izləmiş və həmin video görüntülərdən görünür ki, Şəxs həmin vaxt digər avtomobili idarə edən sürücü ilə sürət yarışı həyata keçirməmiş və bu səbəbdən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinin tərkibi yoxdur. Qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntüyə baxış keçirilərkən müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə saat 23:10-da “Opel Astra” minik markalı, **-DY- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Gəncə şəhəri ərazisində yerləşən müxtəlif prospekt və küçələrdə idarə etdiyi nəqliyyat vasitəsi ilə aşkar surətdə iki mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirərək yol hərəkəti qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-177/2025 nömrəli qərarından görünür ki, X4 (həmin vaxt digər nəqliyyat vasitəsini idarə edən şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(104)-65/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-177/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu inzibati xəta məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatını dinləyərək, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq, DVD-diskə baxış keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 16-cı maddəsində göstərilir ki, inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol, video görüntülər, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-177/2025 nömrəli qərarı, işdə olan digər sənədlər və işin digər halları ilə tam təsdiq olunur. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı yetkinlik yaşına çatmadığı vaxt törətməsini İXM-nin 32.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXMin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsində qeyd olunur ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Belə ki, son dövrlər Gəncə şəhərində xüsusilə havanın qaranlıq vaxtları avtoxuliqanlıq hərəkətlərinin artması şəhər sakinləri, xüsusilə də yol hərəkət iştirakçıları və piyadalar üçün real təhlükə yaradır. Törədilən həmin əməllərin gələcəkdə də daha geniş vüsət almaması üçün səlahiyyətli qurumlar və vəzifəli şəxslər tərəfindən effektiv və qətiyyətli tədbirlər görülməsi zəruridir. Bununla bağlı humanist qərarların qəbul olunması isə həmin şəxslə yanaşı, digər bu əməlləri törətmək niyyətində olan şəxslərin də öz hüquqazidd niyyətlərini həyata keçirməyə dırnaqarası rəvac verəcəkdir. Xüsusilə qeyd edilməlidir ki, hazırda 11-ci sinif şagirdi olan Şəxs şagird kimi öz üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə Ümumxalq hüzn günü (19 yanvardan 20 yanvara keçən gecə) ərəfəsində avtoxuliqanlıq hərəkətləri edərək inzibati xəta törətməklə öz məsuliyyətsizliyini nümayiş etdirmişdir. Bu baxımdan məhkəmə yuxarıda qeyd olunanlarla öz qərarını əsaslandıraraq belə qənaətə gəlir ki, Şəxs barəsində inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş digər humanist qərarların qəbul edilməsi məqsədə müvafiq deyildir və o, təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Beləliklə, yuxarıda sadalanan qanunvericiliyin maddələrinə və işin faktiki hallarına əsaslanaraq, məhkəmə Şəxs İXM-nin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati xətanın xarakterini, törədilmə şəraitini və üsulunu, təqsirinin dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xətanı yetkinlik yaşına çatmadığı vaxt törətməsini, onun məsuliyyətini ağırlaşdıran halların olmamasını, o cümlədən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar