Məhkəmə qərarları › İş №3(125)-2000/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2000/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2000/2024 03.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, protokolu müdafiə edən şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, Dədə Qorqud küçəsində, xx.xx.2024-cü il tarixdə, saat 12:15 radələrində Açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi ilə bağlı Şəxs müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirməsi nəticəsində barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X5 çıxışında bildirmişdir ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində sahibkarı olduğu “Ət Dükanı” adlı obyekt üzərində Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanmışdır. Belə ki, o, müvafiq orqana müraciət etmədiyindən ona yayım hüququ verilməmişdir. Odur ki, icazəsiz yayımlanan reklam ilə bağlı Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs çıxışında bildirmişdir ki, o, həmin obyekti icarə əsasında işlətdiyini, sonra isə ödəniş edə bilmədiyindən obyekti 2022-ci ildə başqa adama təhvil vermişdir. O bildirmişdir ki, barəsində protokol tərtib edilən zaman həmin obyektdə fəaliyyət göstərməmişdir. İfadəsinin sonunda bir il yəni 2021-ci ildə reklam agentliyi ilə müqaviləsi olan dövrdə vaxtında bütün ödənişləri etdiyini, lakin sonradan bu obyektdə işləmədiyi üçün ödəniş etmədiyini nəzərə çatdıraraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Haqverdi Abdurəhmanov çıxışında Şəxs qonşusu olduğunu və həmin obyektdə 1 ildən çoxdur ki, işləmədiyini bildirmişdir. O, həmin obyektin ət mağazası kimi fəaliyyət göstərdiyini və bir ilə yaxındır ki, reklamın söküldüyünü qeyd etmişdir. Sonda obyektin Şəxs deyil, digər qonşusunun işlətdiyini və hazırda obyektin üzərində reklamın olmadığını nəzərə çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Babək Cəfərov çıxışında əvvəllər Əlzaminin ATS-in yanında ət satdığını və bir ildən çox Əlzaminin həmin obyektdə işləmədiyini bildirmişdir. İşdə olan 29 may 2024-cü il tarixli, MN №1255094 nömrəli protokoldan görünür ki, Şəxs Gəncə şəhəri, Dədə Qorqud küçəsi, xx.xx.2024-cü il tarixdə, saat 12:15 Açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan: - İşdə olan ADRA X6 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 03 aprel 2024cü il tarixli, 856 saylı, 14 may 2024-cü il tarixli, 1270 saylı, 29 may 2024-cü il tarixli, 1491 saylı aktlardan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs inzibati protokol tərtib olunması üçün X6 İdarəsinə dəvət olunsa da, o, müvafiq protokolun rəsmləşdirilməsi prosesində iştirak etməmişdir. Sahibkar tərəfindən 1,50 kub metr ölçüdə reklam yayımlamaqda davam etdiyi aşkar edilmişdir. - X6 idarəsinin rəisi Saleh Rüstəmovun adından Şəxs ünvanlanan xx.xx.2024-cü il tarixli, 11-3-3/2-548/2024 saylı “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” yazılı gösətrişdən görünür ki, Dədə Qorqud küçəsi ünvanında yerləşən “Ət dükanı” adlı obyektdə açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində ADRAnın GRBİ-nə müraciət etməsi tələb olunmuşdur. - 14 may 2024-cü il tarixli “İnzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak barədə” məktubdan görünür ki, sahibkar Şəxs Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Ət dükanı” adlı obyekti üzərində (açıq məkanda) müvafiq icazə olmadan reklam yayımını həyata keçirdiyi üçün xx.xx.2024-cü il tarixli, 11-3-3/2-548/2024 saylı yazılı göstərişin alınmasından qanunla müəyyən edilmiş 5 gün müddət keçməsinə baxmayaraq bu günədək onun tərəfindən icazə alınmamış və qanunla müəyyən edilmiş yayım haqqını ödəməmişdir. O, Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Reklam Haqqında Azərbaycan Respublikası Qanununun 2.0-ci maddəsinə əsasən Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat; 2.0.2. reklam fəaliyyəti - reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının hərəkətlərinin məcmusu; 2.0.3. reklam obyekti – reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlər; 2.0.4. reklamın subyektləri – reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti, reklam yayıcısı və reklam istehlakçısı; 2.0.5. reklamverici – reklam obyektinin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən, maliyyələşdirən və reklamın məzmununu təyin edən şəxs; 2.0.6. reklam yaradıcısı – reklamın ümumi tərtibatını, o cümlədən rəng çalarlarını, səs müşayiətini, obrazlarını yaradan fiziki şəxs; 2.0.7. reklam istehsalçısı – məlumatı reklam formasında yayımlamaq üçün bütövlüklə yaxud qismən hazırlayan şəxs; 2.0.8. reklam agenti – reklamverici, reklam yaradıcısı və reklam istehsalçısı ilə müqavilə əsasında onların adından fəaliyyət göstərən fiziki və hüquqi şəxs; 2.0.9. reklam yayıcısı – reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxs; 2.0.10. reklamın istehlakçısı – diqqəti reklam obyektinə cəlb edilən fiziki şəxs; 2.0.11. reklam daşıyıcısı - reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri və s.) əmlak, kütləvi informasiya vasitələri, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləri. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 428.7.3-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki işin faktiki hallarından və şahidlərinin ifadələrindən görünür ki, Şəxs Dədə Qorqud küçəsi ünvanında yerləşən “Ət dükanı” adlı obyekti 1 ildən çox müddət ərzində işlətməmişdir. Hazırda isə həmin obyektin başqa şəxs tərəfindən işlədilməsi şahid ifadələri və iş materiallarına əlavə edilmiş həmin obyektin videogörüntüləri və şəkilləri də təsdiq edilir. Bildirilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 9 sentyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Plenumun qərarında qeyd edilmişdir ki, vergi öhdəliklərinin yaranmasının əsas şərtlərindən biri vergi ödəyicisinin müəyyən edilməsi ilə yanaşı, vergitutma obyektinin və digər vergitutma elementlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 12.1.1 və 12.3cü maddələri). Vergi qanunvericiliyinə görə vergi ödəyicisi Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir (Vergi Məcəlləsinin 13.2.4-cü maddəsi) .Vergi Məcəlləsinin 78.3-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 78.4-cü maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz. Bununla əlaqədar qeyd olunmalıdır ki, vergiləri ödəməkdən yayınan şəxs qanunvericiliklə üzərinə vergiləri ödəmək vəzifəsi qoyulmuş subyekt, yəni vergi qanunvericiliyində anlayışı verilmiş fiziki şəxs və ya hüquqi şəxsin vergi öhdəliklərini faktiki yerinə yetirən şəxsi də ola bilər. Faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergiləri ödəməkdən yayınma cinayətinin subyektləri sırasına vergi ödəyicisi olan hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən şəxs (faktiki rəhbər) də aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 53.1-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1 inzibati xəta hadisəsi olmadıqda; 53.1.2 inzibati xəta tərkibi olmadıqda; 53.1.3 şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4 şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə ;53.1.5 inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6 bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9 Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10 bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda, 53.2 Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 428.7.3cü maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Çünki Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 29 may 2024-cü il tarixli, MN №1255094 nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar