Məhkəmə qərarları › İş №3(125)-2003/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2003/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2003/2025 17.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə Şəhər Prokurorluğunun nümayəndəsi X4 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Gəncə şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri X9 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir ona görə ki, vəzifəli şəxs Şəxs bölgə müdiri vəzifəsində işlədiyi "M&T" firmasında əməyin mühafizəsi qaydalarını pozaraq Gəncə şəhəri MİDA sosial binalarda yerləşən "Bazarstore 6" mağazasında satıcı vəzifəsində əmək fəaliyyətinə cəlb etdiyi Şahid1 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırmamış, fərdi mühafizə vasitələri ilə təmin etməmiş, habelə kolbasa doğrayan aparatın bıçağının qoruyucu örtüklə təchiz edilməməsi səbəbəbindən, nəticədə Şahid1 xx.xx.2024-cü il tarixdə qeyd edilən mağazada kolbasa doğrayan qurğuda sağ əlinin 2 barmağının kəsilməsi nəticəsində az ağır xəsarət almışdır. Buna görə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X6 bildirmişdir ki, onlar Şahid1 Gəncə şəhər Prokurorluğuna iş vaxtı xəsarət alması ilə bağlı daxil olmuş müraciəti əsasında araşdırma aparmış, tərəflərin izahatını almış və ekspertizalar təyin etmişlər. Şahid1 sağlamlığına az ağır zərər dəydiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra inzibati xəta haqqında iş başlanmışdır. Şəxs hadisədə birbaşa məsul şəxsdir. Onun bu hadisədə məsuliyyət daşıyan şəxs olması şəxslərin izahatı ilə müəyyən edilmişdir. Bu hadisədə əməyin mühafizə qaydalarına riayət edilməsi Şəxs vəzifəsidir. Şahid1 əmək müqaviləsinə Şəxs qol çəkdirmişdir. Şəxs 2022-ci ildən “M&T" LTD firmasında işləyir. Sonda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq, sonuncunun tənbeh edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs Şahid1 bildirmişdir ki, 28 may 2024-cü il tarixdə işləmək üçün Gəncə şəhəri Sosial binaların (Mida) yerləşdiyi ərazidə olan "Bazar Store 6” mağazasına getmişdir. Orada olarkən "Sevimli Dad" firmasının bölgə müdiri Nicat onu işə götürmüşdür. O işə qəbul edilərkən Nicat ona iş yerinin “Bazarstore” olduğunu bildirmişdir. Həmin tarixdən də işə çıxaraq “Bazar Store 6" mağazasında işə başlamışdır. O, həmin yerdə "Sevimli dad"-a məxsus olan kolbasa və sosiskaların satışını həyata keçirmişdir. Həmçinin Şəxs ona müştərilər kolbosa istədikləri zaman onlara kolbosa doğrayıb verəcəyini də bildirmişdir. Hadisə günü "Bazar Store 6" mağazasında işdə olduğu vaxt müştəriyə kolbasa doğrayaraq satış etmək istəyən zaman kolbasa doğrayan aparatda sağ əlinin iki barmağı kəsilmişdir. O xəstəxanaya aparılmış və xəstəxanada əməliyyat olunmuş, barmaqlarına tikiş qoyulmuşdur. Onu xəstəxanaya apardıqları zaman orada hadisənin evdə baş verdiyini bildirmişlər. Daha sonra barmaqlarını hərəkət etdirə bilmədiyi üçün təxmini bir həftə sonra anası Nicatı yığaraq, ona nə üçün onunla maraqlanmadığını, barmaqlarını hərəkət elətdirə bilmədiyini demişdir. Nəticədə Nicatla birlikdə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya getmişlər. Onun barmaqları təkrar əməliyyat edilmişdir. Şəxs ona əməliyyat olunmaq üçün 400 manat pul vermişdir. Firma tərəfindən ona xəsarət almasına görə 2000 (iki min) manat pul verilmişdir. Xəstəxanada hadisənin iş yerində baş verməsini bildirmişdir. Təxminən bir həftə sonra barmaqlarına qoyulan tikiş sökülmüş və həmin vaxt Nicat ona işə çıxmağını bildirmişdir. O, işə getdiyi zaman Nicat ona hadisə ilə bağlı heç kimə heç nə deməməyini bildirmişdir. Ona bildirmişdir ki, əgər hadisə ilə bağlı kiməsə nəsə desə bir daha iş tapmayacaqdır. Onun maaş kartına 31 manat pul keçdiyi zaman o, bu barədə Nicat müəllimə bildirdikdə Nicat müəllim ona işdən çıxmasını bildirmişdir. O, işdən çıxmaqla bağlı heç bir ərizəyə qol çəkməmişdir. Təxmini bir həftə sonra ona poçtdan zəng edərək gəlib ərizəyə qol çəkməyini istəmişlər, lakin o, Bakıda olduğunu bildirmişdir. Ona bildirmişlər ki, əgər gəlməsə gedib onun evinin şəklini çəkəcəklər. İki nəfər şəxs onun evinə gedərək onun evinin şəkillərini çəkmişlər. O, bununla bağlı 102-yə zəng edərək şikayət etmişdir. O, xx.xx.2024-cü il tarixdə işə götürülmüşdür. O, iki uşağına və yaşlı anasına baxır. O, Şəxs şikayətçidir. Onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Onun məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmış, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, vəzifəli şəxs Şəxs bölgə müdiri vəzifəsində işlədiyi "M&T" firmasında əməyin mühafizəsi qaydalarını pozaraq Gəncə şəhəri MİDA sosial binalarda yerləşən "Bazarstore 6" mağazasında satıcı vəzifəsində əmək fəaliyyətinə cəlb etdiyi Şahid1 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırmamış, fərdi mühafizə vasitələri ilə təmin etməmiş, habelə kolbasa doğrayan aparatın bıçağının qoruyucu örtüklə təchiz edilməməsi səbəbəbindən, nəticədə Şahid1 xx.xx.2024-cü il tarixdə qeyd edilən mağazada kolbasa doğrayan qurğuda sağ əlinin 2 barmağının kəsilməsi nəticəsində az ağır xəsarət almış, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati xətasını törətmişdir. -Şahid1 izahatından görünür ki, o, 28 may 2024-cü il tarixdə işləmək üçün Gəncə şəhəri Sosial binaların (Mida) yerləşdiyi ərazidə olan "Bazar Store 6" mağazasına getmişdir. Orada olarkən "Sevimli Dad" firmasının bölgə müdiri Nicat onu işə götürmüşdür. O işə qəbul edilərkən Nicat ona iş yerinin “Bazarstore” olduğunu bildirmişdir. Həmin tarixdən də işə çıxaraq “Bazar Store 6" mağazasında işə başlamışdır. O, həmin yerə "Sevimli dad"-a məxsus olan kolbosa və sosiskaların satışını həyata keçirmişdir. Onun maaşını "Sevimli dad" firması ödəmişdir, belə ki, firmanın işçiləri marketdə kolbasa və sosiskaların satışı ilə məşğul olmuşdur. Həmçinin kolbasa doğranmasında işçilər etmişlər. 21 iyul 2024-cü il tarixdə saat 14 radələrində "Bazar Store 6" mağazasında işdə olduğu vaxt müştəriyə kolbasa doğrayaraq satış etmək istəyən zaman kolbasa doğrayan aparatda sağ əlinin iki barmağı kəsilmiş və əli qanamağa başlamışdır. O Gəncə şəhər Zülfüqar Məmmədov adına xəstəxanada əməliyyat olunmuş və barmaqlarına tikiş qoyulmuşdur. Daha sonra barmaqlarını hərəkət etdirə bilmədiyi üçün xx.xx.2024-cü il tarixdə anası Nicatı yığaraq, ona nə üçün onunla maraqlanmadığını, barmaqlarını hərəkət elətdirə bilmədiyini demişdir. xx.xx.2024-cü il tarixdə Nicatla birlikdə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya getmişlər. Rahib həkim barmaqlarını təkrar əməliyyat etmişdir, təxminən 10 gündən sonra barmaqlarına qoyulan tikiş söküldü və həmin vaxt Nicat ona işə çıxmağını bildirmişdir. O, Nicata barmaqları hərəkət etdirə bilmədiyini bildirsə də, heç bir faydası olmamışdır. O da məcbur qalaraq işə çıxmışdır. 04 oktyabr 2024-cü il tarixdə maaşını alan zaman əksik olduğunu görmüş və bu barədə Nicata zəng vurmuşdur. Nə üçün maaşının az olduğunu soruşduqda o ona “maaşın budur istəyirsən işlə, istəmirsən işləmə, sən kimsən” -deyə bildirmişdir. O, əməliyyat olunan iki barmağını hərəkət elətdirə bilmədiyini dedikdə ”o ona nə istəyirsən get elə, hara istəyirsən şikayət elə” deyə bildirmişdir. Daha sonra Nicat onun xəbəri olmadan və səbəbsiz yerə onu işdən azad etmişdir. - Şəxs izahatından görünür ki, təxminən üç ildir ki “M&T" LTD firmasının qərb filialı üzrə bölgə müdiri işləyir. Onun bölgə müdiri kimi vəzifəsi tabeliyində olan işçilərə nəzarət etmək, marketdə olan məhsullarına nəzarət etmək, marketlərdə baş verən problemləri həll etmək və s. ibarətdir. Şahid1 şikayət ərizəsi ilə tanış olmuş xx.xx.2024-cü il tarixdə Şahid1 “M&T” LTD firmasına işə götürmüşdür. Onların iş prinsipləri işçiləri işə götürərək məhsulu satış etdiyi mağazalara yerləşdirərək məhsulun satışını artırmaqdan ibarətdir. Şahid1 "Bazarstore" mağazasında satıcı kimi işləmişdir. Onun işi şirkətə məxsus olan malları satmaqdan ibarətdir. O, Şahid1 əlinin kəsildiyindən xəbərdar olduqda həmin vaxt o Şəmkir rayonu ərazisində olduğu üçün Şahid1 köməklik göstərilməsini başqa işçisinə bildirmişdir. Hadisə baş verən zaman Güneli Gəncə şəhər, Z.Məmmədov adına xəstəxanaya aparmışlar, orada əməliyyat olmuş, lakin iki gün sonra ağrıları olduğu üçün Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya getmiş, əməliyyat olunmuşdur. Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada bütün xərclər firma tərəfindən ödənilmişdir. Eyni zamanda Ona verilən suallara cavab olaraq bildirmişdir ki, onların şirkətində kolbasa doğrayan aparat olmamışdır. - Şahid2 Nurəddin oğlunun izahatından görünür ki, 2024-cü ilin may ayından etibarən Gəncə şəhərində yerləşən “Bazar Store 6“mağazasının müdiri işləyir. Şahid1 “Bazar Store 6” mağazasında xəsarət alması ilə bağlı bildirir ki, o “Sevimli Dad" firmasının işçisi olmaqla qeyd edilən mağazada işləmişdir. Belə ki, onlar "Sevimli Dad" firması müqavilələri əsasında həmin firmaya aid kolbasa məhsulunu müştərilərə satır. Həmin işçi "Sevimli Dad” firması ilə əmək müqaviləsi bağlamışdır. 21 iyul 2024-cü il tarixdə Şahid1 kolbasa doğrayan zaman aparatda sağ əlinin iki barmağını ehtiyatsızlığı ucbatından kəsmişdir. O, hadisə olan zaman mağazada olmuşdur. Bundan sonra onun göstərişi əsasında müavini Ariz Şahid1 Gəncə şəhəri Zülfüqar Məmmədov adına xəstəxanaya aparmışdır. Orada Şahid1 sağ əlinin iki barmağına tikiş qoyulmuşdur. Xəstəxana xərcləri isə "Sevimli Dad" firması tərəfindən qarşılanmışdır. Mağazada olan kolbasa doğrayan aparat qoruyucu örtüklə təhciz edilmişdir. Hadisənin baş verməsi Şahid1 ehtiyatsızlığı ucbatından olmuşdur. Belə ki, o qoruyucu örtükdən əlini kolbasa doğrayan aparatın içərisinə salması nəticəsində aparatın bıçağının iti hissəsi barmaqlarını kəsmişdir. Şahid1 şifahi olaraq kolbasa doğrayan aparatdan təhlükəsiz şəraitdə istifadə etməsi üçün təlimatlandırma keçilmiş həmçinin qastromoniya bölməsində təlimatlandırma sxemi tərtib olunaraq divardan asılmışdır. -Əmək müqaviləsindən görünür ki, “M&T” LTD firması ilə Şahid1 arasında 30 may 2025-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Eyni zamanda əmək müqaviləsindən görünür ki, o, müqaviləni “M&T” LTD firmasının direktoru X8 ilə bağlamışdır. -Əmək müqaviləsinin surətindən görünür ki, “M&T” LTD firmasının direktoru X8 ilə Şəxs arasında 23 sentyabr 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. -1573 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ əlin ll-lll barmaqlarının vətərlərin zədələnməsi, hərəkət məhdudluğu ilə müşayət olunan kəsilmiş yaraları-kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb elan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. - Məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 17 aprel 2025-ci il tarixli 10/2245 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Sosial binaların (Mida) yerləşdiyi ərazidəki Bazar Store 6 -ağazasında kolbasanın doğranması istifadə edilmiş kolbasa doğrayan aparatın bıçağının qoruyucu örtüklə təchiz edilməməsi (bıçağın kəsici kənarından 1 mmdən az olmayan məsafədə yerləşdirilməklə) hadisənin baş verməsinin texniki səbəbi ola bilərdi. Belə olan halda. DÜST EN 1974-2013 - “Qida emalı maşın və avadanlıqları. Dilimləyici kəsmə maşınları" Dövlətlərarası Standartın 5.1.2.1, 5.1.2.3, 5.1.2.4 bəndlərinin tələbləri "Bazar Store 6“ mağazasında kolbasanın doğranması üçün istifadə edilmiş kolbasa doğrayan aparatın texniki vəziyyətinə və təhlükəsiz istismarına cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. -22 may 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şahid1 xəsarət alması faktı üzrə hər hansı şəxsin əməlində Azərbaycan respublikası CM-nin 162.1-ci maddəsinin və ya hər hansı maddəsinin tərkib əlamətləri olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Faktla bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış material Gəncə şəhər prokuroruna təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Hazırda isə Şəxs sözügedən firmada texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edən məsul şəxs olduğu müəyyən olunmur. İş materialları ilə müəyyən olunur ki, Şahid1 ilə əmək müqaviləsini “M&T” LTD firmasının direktoru X8 bağlamışdır. Məhz X1 firmada texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edən məsul şəxs olmalıdır. İş materialları ilə bu vəzifələrin Şəxs və ya başqa şəxsə həvalə edildiyi müəyyən olunmur. Eyni zamanda iş materiallarında olan əmək müqaviləsindən görünür ki, “M&T” LTD firmasının direktoru X8 ilə Şəxs arasında 23 sentyabr 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Bununla bağlı Prokurorluğun nümayəndəsi X2 verildiyi zaman Nicatın izahatında “M&T” LTD firmasında 2022-ci ildən işlədiyini bildirdiyini demişdir. Yəni sadəcə izahata əsaslanmışdır. Bundan başqa iş materiallarında olan digər əmək müqaviləsindən görünür ki, “M&T” LTD firması ilə Şahid1 arasında 30 may 2025-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsindən görünür ki, o, müqaviləni “M&T” LTD firmasının direktoru X8 ilə bağlamışdır. İXM-nin 198.3-cü maddəsi ilə inzibati xətanın tərkibinin yaranması üçün texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydaları pozulmalı, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarının pozulması ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmalı, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarınınpozulması ilə baş vermiş nəticə — sağlamlığa az ağır zərər vurulması arasında səbəbli əlaqə olmalı, habelə bu üç şərt məcmu halında mövcud olmalıdır. Əməyin mühafizəsi qaydalarının pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Səbəbli əlaqənin olmaması bu inzibati xətanın tərkibini istisna edir. Yəni, təqsirkarın əməyin mühafizəsi sahəsində məhz hansı vəzifəni (Azərbaycan Respublikası ƏM-in 215-ci maddəsində və başqa normativ aktlarda müəyyən edilən vəzifələr) yerinə yetirməməsinin belə nəticəyə səbəb olduğu dəqiq müəyyən edilməli, bu maddə ilə inzibati məsuliyyətinə cəlb etmə haqqında məsələ həll olunarkən müvafiq aktlara (qanun, təlimat və ya müəssisədaxili lokal aktlar, sərəncamlar və s.) əsasən əmək mühafizəsi qaydalarına riayət etmək vəzifəsinin təqsirkarın səlahiyyətinə aid olub-olmadığı, həmin vəzifənin lazımi qaydada rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi aydınlaşdırılmalıdır. Bundan əlavə, səbəbli əlaqəni müəyyən edərkən əmək mühafizəsi qaydalarının pozulmasında və inzibati xətanın nəticələrin baş verməsində zərərçəkmiş şəxsin əməyin mühafizəsi üzrə öz vəzifələrinə (Azərbaycan Respublikası ƏM-in 216-cı maddəsində və başqa normativ sənədlərdə təsbit olunmuş vəzifələr) nə dərəcədə riayət etməsi və bu hadisənin baş verməsində özünün rolu da aydınlaşdırılmalıdır. Məhkəmə iclasında tədqiq olunan mötəbər sübutlarla müəyyən olundu ki, Şəxs hadisənin baş verdiyi müəssisənin rəhbər şəxsi olmamışdır və yuxarıda qeyd olunan vəzifələri daşımamışdır. Göründüyü kimi, hazırda Şəxs əməlinə münasibətdə İXM-nin 198.3-cü maddəsinin tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmçinin qeyd edilməlidir ki, Şahid1 ilə bağlanmış əmək müqaviləsinin 4.9-cu (Əməyin mühafizəsi üzrə) bəndinə əsasən- “İşçinin sağlamlığının, əməyin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına cavab verən iş yeri və iş şəraiti yaradılır. Həmin müqavilənin 4.12-ci bəndinə görə işçi əməyin mühafizəsi normaları ilə işə götürülərkən və ya başqa işə keçirilərkən 1 dəfədən az olmayaraq təlimatlandırılır. Göründüyü kimi, əməyin mühafizəsi ilə bağlı işçinin təlimatlandırılması və normalara cavab verən iş yeri və iş şəraitinin yaradılması Şahid1 ilə bağlanan əmək müqaviləsində öz qüvvəsini tapmışdır ki, bu müqavilə də işə götürən qismində müəssisənin direktoru X8 ilə bağlanmışdır. Bu səbəbdən Şəxs bu hadisə ilə bağlı məsul şəxs olmasını sübut edən hər hansı ƏMR, təlimat və ya digər rəsmi sənəd mövcud deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Gəncə şəhər prokuroru, Baş ədliyyə müşaviri X7 xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar