Məhkəmə qərarları › İş №3(125)-2013/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2013/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2013/2024 24.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində Gəncə şəhər BPİ-in X11 Şöbəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Gəncə şəhər BPİ-in X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə təyin edilmişdir. Protokol qanunvericiliyin tələblərinə riayət edilmədən çıxarılmışdır. Protokolun içərisində İnzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə qrafası, eləcə də inzibati xəta (xətalar) şahidlər (olduğu halda) hissələrdə qrafalar boş olduğu halda protokol tərtib edilmişdir. Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” İstehsalat birliyi, Gəncə "Avtomotoservis və ticarət" müəssisəsinin eksperti Elman Quliyev cənabı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə, ona məxsus avtomaşınının arxa yayları barədə məlumat verir: “Arxa yaylar çox işləndiyindən öz sərtlik əmsalını itirmiş, sozalmış - öləzimiş və elastikliyi itirmişdir. Yaylar öz istifadə müddətini başa vurduğundan çox yumşaldığından, gələcək istifadəsi məqsədəmüvafıq sayılmır. Rəydə qeyd edilir ki, tövsiyə xarakterlidir. Metalın sərtliyi xüsusi qurğu cihazla təyin edildiyi halda, ekspert heç bir üsuldan istifadə etmədən vizual baxışla rəy vermişdir. Yayların (prujin) buruqlarının sayı standarta uyğundur, metalın isə sərtliyi təyin edilməmiş YPX-nin duracağına qanunsuzluqlar edilməklə yerləşdirilmişdir. Avtomaşının duracaqdan hər günü pul yazmaması məcburiyyətində olduğundan, yeni yaylar alaraq yerindəcə dəyişdirilməklə çıxarmışdır. YPX tərəfindən əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə təyin edilməsini həmin yayları sübut (dəlil) olaraq məhkəməyə təqdim etməklə, sübuta yetirir. Gəncə BPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-nin 329.3 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə (konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, işıq cihazlarından istifadə qaydalarını pozmağa görə) barəsində 50 (əlli) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X3 barəsində İXM-nin 329.3 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, (konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, işıq cihazlarından istifadə qaydalarını pozmağa görə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. X1 protokol ilə razı olmadığını və avtomobilində heç bir qanun pozuntusu olmadığını qeyd etmişdir. İş materiallarında olan Gəncə “Avtomotoservis və ticarət” müəssisəsində mühəndisməsləhətçi işləyən, ixtisasca mühəndis mexanik Quliyev E.Q. tərəfindən hazırlanmış – tövsiyyə xarakterli xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, “VAZ - 21074” minik markalı, **-ER-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yaylarının dəyişdirilməsi məsləhətdir. Sərtlik əmsalı aşağı düşmüş – yumşalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Gəncə şəhər BPİnin X11 Şöbəsinin üzərinə qoyulsa da, 12 iyun 2024-cü il tarixə və 24 iyun 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq səlahiyyətli orqan öz nümayəndələrinin iştiraklarını təmin etməməklə yanaşı, həmçinin X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı (konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, işıq cihazlarından istifadə qaydalarını pozmağa görə) törətməsini təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. Gəncə “Avtomotoservis və ticarət” müəssisəsindən verilmiş xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, verilmiş rəy tövsiyyə xarakterlidir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X3 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BPİ-nin DYPŞ-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.5-ci maddələri ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar