Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-202/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 21 yanvar 2025-ci il tarixli MN ******* saylı protokolda qeyd edilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik maddə olan marixuana istifadə etmiş və nəticədə İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən X3 çıxışında bildirmişdir ki, Şəxs 19 yanvar 2025-ci il tarixdə əmisi oğlu X4 ilə birlikdə Gəncə şəhəri 7 saylı məktəbin yaxınlığında olarkən PPX əməkdaşları şübhəli olduqları üçün onlara yaxınlaşmış və PŞ-nə dəvət etdikdə aralarında mübahisə yaranmışdır. Daha sonra Narkoloji Dispanserə aparılmış və müayinə zamanı narkotik vasitə marixuana aşkar olunmuşdur. Beləliklə, Şəxs əməlində inzibati xəta tərkibi olduğundan barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxışında bildirmişdir ki, həmin gün əmisi oğlu Səbuhi Həsənovla birlikdə mağazadan çıxarkən PPX əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərlərinə baxış keçirmiş və Polis Şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə niyə görə getməsinin səbəbini soruşduqda polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Daha sonra o, DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə bildirmək istədikdə telefonla danışan zaman polis əməkdaşları onu maşına əyləşdirib 2-ci PŞ-nə aparmışlar. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq o, bildirmişdir ki, polislər tərəfindən ona fiziki güc və ya zorakılıq olmamışdır. İfadəsinin sonunda narkotik vasitəni şübhəli şəxs qismində saxlanılan günü istifadə etdiyini etiraf edərək əməlindən peşman olduğunu və bir daha belə xətaya yol verməyəcəyinə dair söz verərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: - 21 yanvar 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Gəncə şəhər 2-ci PŞ-nin X2 göndərilmişdir. - 20 yanvar 2025-ci il tarixli, 276/2025 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə nəticəsində sidikdə (THC) narkotik vasitə aşkar edilmişdir. - Gəncə şəhəri Narkoloji Dispanserdən verilmiş 21 yanvar 2025-ci il tarixli, 79 saylı rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-202/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-202/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver