Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2022/2023 13.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 və qərarından şikayət verilmiş şəxs Göygöl rayon DYPB-nin polis baş leytenantı X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, Göygöl rayon DYPB-nin polis baş leytenantı Fariz Əliyevin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat miqdarında cərimə edilmişdir. Göygöl rayon DYPB-nin polis baş leytenantı Fariz Əliyevin xx.xx.2023cü il tarixli qərarı ilə razı deyil və hesab edir ki, qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, bir tərəfli araşdırma aparılmış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində saat 09:00 radələrində işlədiyi Göygöl ravonu, Üçtəpə kənd tam orta məktəbinə dönən yol ayrıcında işə gədərkən idarə etdiyi **-RA-*** nömrə nişanlı avtomobilini **-RV-*** dövlət nömrə nişanlı avtomobil 1.11 Təhlükəli döngə. 1.20 Piyada keçidi. 3.24 (50) Maksimum sürətin məhdudlaşdırılması. 1.21 Uşaqlar nişanlarının tələblərini, yol ayrıcındakı avtobus dayanacağını, piyada zolağını, sola dönmə işıq siqnalının yanmasını və yol ayrıcını nəzərə almadan yol hərəkəti haqqında qanunun 51-ci maddəsinin 1.2. və 3-cü bəndlərinin tələblərini kobud şəkildə pozaraq yüksək sürətlə qarşı yola çıxaraq ötmə əməliyyatı edərək qəza törətmişdir, nəticədə idarə etdiyi avtomobil yolun kənarındakı kanala düşmüş, qarşı tərəfin avtomobili isə yol ayrıcındakı məhəccəri sındıraraq ağaca çırpılmışdır. Bundan sonra hadisə yerinə yol polisi və ona məxsus avtomobilin sığortalandığı Paşa Sığorta şirkətinin əməkdaşı çağırılmış və həmin vaxt həm polis əməkdaşı həm də sığorta şirkətinin nümayəndəsi baş vermiş yol nəqliyyat hadisəsində onun heç bir günahının olmadığını və hadisənin baş verməsinə səbəb arxadan sürətlə gələn avtomobilin olmasını müəyyən etmişlər. Həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparan Göygöl rayon yol polisi əməkdaşı Fariz Əliyev hadisə ilə əlaqədar müşahidələr və video görüntülər əsasında qarşı tərəfin günahkar olduğunu bildirmiş, müvafiq izahatlar almış və aidiyyatı üzrə sığorta şirkətinə göndərəcəyini bildirmişdir. Bundan başqa izahatlar yazılan zaman qarşı tərəf **-RV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Rəşad adlı şəxsə də 80 manat cərimə və 4 bal protokol təyin ediləcəyi bildirilmişdir. Lakin buna baxmayaraq sonradan heç bir əsas olmadan qeyri-qanuni onun barəsində inzibati xəta törətməsi ilə bağlı qərar qəbul edilmişdir. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı onun təqsirsizliyini sübut edəcək video görüntünü inzibati orqana təqdim etməsinə baxmayaraq, inzibati orqan əməkdaşı əvvəlcə onun deyil, hadisə vaxtı arxadan gələn avtomaşının sürücüsünün təqsirli olduğunu bildirsə də, sonradan onun tərəfindən inzibati xəta törədilməsi barədə qərar qəbul etmək qənaətinə gəlmişdir. Göstərilənləri nəzərə alaraq Göygöl rayon DYPB-nin polis baş leytenantı Fariz Əliyevin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Göygöl rayon DYPB-nin polis baş leytenantı X6 qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə qərardan şikayət verən və qərarından şikayət verilmiş şəxslərin izahatlarını dinləyərək, DVD diskə baxış keçirərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsində qeyd edilir: İ. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. İİ. Relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. İİİ. Ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. İV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. V. Ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində — piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. Vİ. Yaşayış məntəqələrindən kənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə, sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isə arxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır. Vİİ. Qarşılıqlı keçmə çətinləşən hallarda — hansı sürücü tərəfdə maneə varsa, həmin sürücü yol verməlidir. 1.13 və 1.14 nişanları ilə işarələnmiş yerlərdə maneə olduqda, enişlə aşağı hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü yoxuşla yuxarı gedən nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Göygöl rayon DYPB-nin üzərinə qoyulsa da, həmin orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmiş və məhkəmə iclasında da təqdim etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Göygöl rayon DYPB-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Göygöl rayon DYPB-nin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Göygöl rayon DYPB-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-2022/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2022/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver