Məhkəmə qərarları › İş №3(125)-2024/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2024/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2024/2023 08.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 30 avqust 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 08 sentyabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-423/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 150 (yüz əlli) manat məbləğində pul tutularaq tələbkar X1 ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X6 bildirdi ki, Nizami Rayon Məhkəməsinin 2(044)- 423/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ona tapşırılmışdır. Qeyd olunan icra vərəqəsi üzrə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq, o, borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Onun aliment borcu üzrə 1000 (min) AZN ödənişi 08 sentyabr 2023-cü il tarixdə edilmişdir. Ödənişdən sonra onun qalıq aliment borcu 2750 (iki min yeddi yüz əlli) manat təşkil edir. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Nizami Rayon Məhkəməsinin 2(044)-423/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan hər ay 150 (yüz əlli) manat məbləğində aliment alınaraq tələbkar X1 ödənilməlidir. Onun 3750 (üç min yeddi yüz əlli) manat qalıq aliment borcu qalmışdır. Maddi imkanı zəif olduğu üçün borcundan ödənişləri edə bilməmişdir. Qalıq aliment borcundan 1000(min) manat ödüyüb, hər ay hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş: 08 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-423/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 150 (yüz əlli) manat məbləğində pul tutularaq tələbkar X1 ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, barəsində icraat aparılan şəxs 08 sentyabr 2023-cü il tarixdə aliment borcundan 1000 AZN ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş, “inzibati məsuliyyətə cəlb olunma barədə” Xəbərdarlıq borcluya təqdim edilmişdir. 29 dekabr 2022-ci il tarixli “Borclunun axtarılması haqqında” qərarın surətindən görünür ki, ünvan 1-də yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs aliment borcundan 1000 AZN ödəniş etməsini onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki barəsində inzibati xəta üzrə icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh seçilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına (bundan sonra Plenum Qərarı) əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-423/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməməsinə görə dəfələrlə xəbərdarlıq edilmiş, buna baxmayaraq, o icradan yayınmağa cəhd etmişdir. Barəsində 29 dekabr 2022-ci il tarixdən axtarış elan edilmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, hazırki inzibati xəta barədə işə baxılan günə onun barəsində bütün icra imkanlarından istifadə edilmişdir. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh növü seçilməli və həbsin əvvəli 08 sentyabr 2023-cü ildən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 08 (səkkiz) gün müddətə inzibati tənbeh növündə həbs edilsin. Həbsdə saxlanma müddətinin əvvəli 08 sentyabr 2023-cü ildən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin X3 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar