Məhkəmə qərarları › İş №3(125)-2034/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2034/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2034/2024 05.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə ŞBPİ 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ 2-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Dəmir yolu vağzalının yaxınlığında ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarına tabe olmamış və nəticədə Azərbayan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə ŞBPİ 2-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi, polis mayoru X3 çıxışında protokoluna məzmunana uyğun ifadə verərək bildirmişdir ki, barəsində icraat aparılan şəxs Şəxs 3 gün bundan əvvəl Dəmir yol vağzalının yaxınlığında yerləşən “Yeni Həyat” restoranında sərxoş vəziyyətdə dava salaraq işıq fənərlərini sındırmışdır. Polis əməkdaşları hadisə yerinə gələrkən Şəxs ucadan nalayiq ifadələr işlətmiş və ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Beləliklə, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, restoranda keyfiyyətli yemək verilmədiyi və ofisiantların yaxşı xidmət göstərmədiklərinə görə işçilərlə aralarında mübahisə yaranmışdır. Daha sonra o, içkili vəziyyətdə və əsəbi olduğundan restoranın tualetində yerləşən 3-4 fənəri sındırıb evə getmişdir. Növbəti gün həmən restorana gedərkən oraya polis əməkdaşları gəlmiş və onu polis idarəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-in əməliyyat müvəkkili, polis kapitanı Şahid çıxışında xx.xx.2024-cü il tarixdə Dəmir yolu yaxınlığında yerləşən “Gürcü xəngəli” kafesinin sahibi DİN-nin 102 xidmətinə zəng edərək obyektində işıq fənərlərinin sındırılması ilə bağlı məlumat verdiyini bildirmişdir. Polis əməkdaşları hadisə yerinə gedərək kameranın video görüntülərinə baxdıqları zaman bu şəxsin Şəxs olduğu məlum olmuşdur. Növbəti gün polis əməkdaşları Şəxs həmin kafeyə yenidən gəldiyini bilərək ona yaxınlaşaraq polis şöbəsinə getməyi dəvət etmişlər. Şəxs isə polis əməkdaşlarının tələblərinə tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətmiş və üzlərinə tüpürərək tabesizlik etmişdir. Sonda Şəxs şüşələri sındırdığından əlinin kəsilərək qanadığı nəzərə çatdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı X2 çıxışında xx.xx.2024-cü il tarixdə Dəmir yolu yaxınlığında yerləşən “Gürcü xəngəli” adlanan kafedə Şəxs restoranda keyfiyyətli yemək verilmədiyinə görə qisas almaq məqsədilə sanitar qovşağında olan işıq fənərlərini sındırmasını bildirmişdir. Daha sonra həmin restoranın sahibi DİN-nin 102 xidmətinə zəng edərək sanitar qovşağında işıq fənərlərinin sındırılması ilə bağlı məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gedərək kameranın video görüntülərinə baxdıqları zaman bu şəxsin Şəxs olduğu məlum olmuşdur. Növbəti gün polis əməkdaşları Şəxs həmin kafeyə yenidən gəldiyini bilərək ona yaxınlaşaraq polis şöbəsinə getməyi dəvət etmişlər. Şəxs orada qışqıraraq anasının pensiyası ilə pivə içməyə gəldiyini lakin ona yaxşı xidmət olunmadığını bildirmişdir. Şəxs maşına otuzdurulan zaman polis əməkdaşlarına tüpürərək qəribə səslər çıxarmış, polis idarəsində isə o, təpik ataraq polisin əlindən qaçmağa çalışmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etməmişdir. Həmçinin İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş olan şəxs tərəfindən törədilməsi Şəxs məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halların olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 20:10-da inzibati qaydada tutulmuşdur. Buna görə də həbsetmənin əvvəli həmin tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2024-cü il tarixdən saat 20:10-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar