Məhkəmə qərarları › İş №3(125)-2035/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2035/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2035/2024 06.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 06 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 06 iyun 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-da Gəncə şəhəri, F.X.Xoyski küçəsində ucadan səs-küy salmaqla ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X7 bildirdi ki, Şəxs xx.xx.2024-cü ildə saat 20:00-da Gəncə şəhəri, F.X.Xoyski küçəsində mərhum X4 və həyat yoldaşı X1 olduğu yerdə ucadan səs-küy salmaqla ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, o, mərhum X5 tanımamışdır. Adil Həşimov onun dayısı Mehman Məmmədquliyevin qonşusudur. xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi Ford markalı avtomobillə dayısıgilə getmişdir ki, dayısını və yoldaşı Vüsaləni götürüb ailəsini gətirmək üçün Samux rayonunda yaşayan qayınatasıgilə getsin. İdarə etdiyi avtomobili dayısı Mehmanın evinin yaxınlığında yolun kənarında saxlayıb avtomobildən düşüb Mehmangilə getmişdir. O, Mehmanın evinə girəndə avtomobilini saxladığı yerdə sonradan adı ona məlum olan mərhum Adil Həşimov dayanmışdır. Həmin vaxt Adil ona avtomobilini burda saxlamamasını demiş, o, da avtomobildən düşdüyü üçün Adilə 3 dəqiqəyə adam götürüb çıxacağını deyib dayısının evinə getmişdir. Təxminən 3-5 dəqiqə sonra dayısı arvadı Vüsalə ilə birlikdə evdən çıxıb avtomobilə tərəf gəlmişlər. Vüsalə ilə birlikdə avtomobilin yanında dayısı Mehmanı gözləyən zaman mərhum Adil Həşimov ona yaxınlaşmış və “sənə demədimmi avtomobili burdan çıxart” demişdir, o, Adilə dayısı Mehmanı gözlədiyini, gəldikdən sonra gedəcəklərini demişdir. Təxminən 5 dəqiqə gözləmiş, Mehman gəlib çıxmadığı üçün əsəbləşərək avtomobilinə oturub avtomobilini sürüb oradan getmişdir. Sonra Samux rayonu, Sünnülər kəndində yaşayan qayınatasının evinə getmişdir. Orada olan zaman Vüsaləyə zəng vurub gəlib-gəlməyəcəklərini soruşduqda Vüsalə də qonşuluqda yaşayan Adil Həşimovun rəhmətə getdiyini demişdir. O, həmin vaxt Adil Həşimovun rəhmətə getdiyini bilmişdir. O, mərhum Adil Həşimovla mübahisə etməmiş, Adil Həşimovu və onun həyat yoldaşı X2 təhqir etməmiş və Adil Həşimovu vurmamışdır. O, avtomobilini dayısı Mehmangilin evinin yaxınlığında yolun kənarında saxladığı yerdən gec çıxartdığı üçün Adil Həşimov ona yaxınlaşıb yüksək səslə avtomobilini çıxartmağı bildirmişdir. O, da Adil Həşimov yaşlı olduğu üçün onunla sakit danışmışdır. Hadisə zamanı o, heç kimi təhqir etməmiş, uca səslə danışmamış və hər hansı bir hərəkəti ilə ictimai qaydanı pozmamışdır. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə ifadə verərək bildirdi ki, mərhum X8 onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 20:00-21:00 radələrində mərhum hava almaq üçün çölə çıxmışdır. Bir neçə dəqiqə sonra küçədə yoldaşının səsini eşitmiş, dərhal qızı Lalə ilə birlikdə çölə çıxmışdır. Evlərinin yerləşdiyi dalanın qarşısında qonşuluqda yaşayan Vüsalənin qohumu Elmir adlı şəxsin mərhum Adil Həşimovla mübahisə etdiyini görmüşdür. Mübahisə zamanı Elmir mərhuma qarşı təhqiranə sözlər deyərək Adilin üzərinə cummaq istəmişdir. Həmin vaxt Vüsalə Elmiri əli ilə saxlamışdır. O da Elmirə mərhum yoldaşını təhqir etdiyi üçün öz iradını bildirmiş, Elmir onu da təhqir etmişdir. O və Vüsalə Elmiri avtomobilinə mindirməyə çalışmışlar ki, getsin, həmin vaxt mərhum yoldaşının yıxıldığını görüb yoldaşına tərəf getmişdir. Elmirdə yoldaşının yıxıldığını görüb avtomobilinə əyləşmişdir. O da Elmirdən yıxılmış yoldaşına kömək etməsini istəmiş, lakin Elmir onun sözlərinə məhəl qoymamışdır. Elmir onu təkrar təhqir etmiş, avtomobilini sürüb getmişdir. O, da X11 müraciət etmişdir. Təcili yardım əməkdaşları gəlmişlər və mərhumun bir qədər əvvəl rəhmətə getdiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X8 onun atasıdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00-21:00 radələrində atası siqaret çəkmək üçün küçəyə çıxmışdır. Təxminən 15 dəqiqə sonra atasının səsinə anası ilə o, küçəyə çıxmışlar. Küçəyə çıxanda atası Adilin qonşuluqda yaşayan Vüsalənin qohumu, sonradan adı ona məlum olan Elmirlə mübahisə etdiklərini görmüşdür. Onlar çölə çıxanda Elmir atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Vüsalə də həmin vaxt Elmirin qarşısında durmuşdur. Həmin vaxt Vüsalə Elmiri avtomobilinə mindirməyə çalışmışdır. O və anası da mübahisə və dava olmasın deyə atasını evə aparmağa çalışmışlar. Həmin vaxt atası qəfildən yerə yıxılmış, o və anası Elmiri səsləmişlər ki, atasına kömək etsin. Həmin vaxt Elmir anasının ünvanına nalayiq ifadələr işlədib avtomobilini sürüb getmiş, Vüsalə isə onların yanlarında olmuş, amma onlara kömək etməmişdir. Həmin vaxt orada olan qonşuları Maarif və Xalid yardım göstərmək istəmişlər. Sonradan anası X11 zəng etmişdir. X12 əməkdaşları gəlmişlər və mərhumun rəhmətə getdiyini bildirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu inzibati xəta məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir. Belə olan halda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs qeyd edilən inzibati xətanı törətmiş və bu hallar onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Göstərilənlərə əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və törədilmə şəraitini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ilk dəfə inzibati xəta hadisəsi törətməsini və inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alıb, inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar