Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2037/2024 14.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Nümayəndə Tanrıverdi oğlunun iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 480 manat məbləğində aliment alınaraq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş borcluya təqdim edilmiş, borclunun inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu ödəməmişdir. Bu günkü tarixdə Şəxs 2680 (iki min altı yüz səksən) manat qalıq borcun tam şəkildə ödənilməsi tələb edilmiş, lakin o, izahatında borcundan hər ay hissə-hissə ödəniş edə biləcəyini və maddi imkanının aşağı olduğunu bildirmişdir. İcra sənədi üzrə borc hal hazırda 2680 (iki min altı yüz səksən) manat təşkil edir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri tədbirlər görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən borclu X7 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Elşən Məmmədov çıxışında tələbkar şəxsin borcun tam ödənilməsini tələb etdiyini bildirərək qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında maddi imkanının və daimi iş yerinin olmadığını bildirərək borc üzrə hissəhissə ödənişlər edə biləcəyini məhkəmənin nəzərinə çatdıraraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu şəxsin müdafiəçisi Nümayəndə Tanrıverdi oğlu çıxışında aliment borcu üzrə Şəxs 600 manat ödəniş etdiyini və qalan məbləği hər ay hissə-hissə ödəyəcəyini qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X8 öz çıxışında icraata xitam verilməsi və borcun hissə-hissə ödənilməsi ilə razılaşmayaraq etirazını bildirmiş və borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Əks halda isə barəsində icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 06 iyun 2024-cü il tarixli MN №1481969 nömrəli protokoldan görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay hər bir uşaq üçün 160 manat olmaqla cəmi 480 manat ödənilməlidir. - Gəncə şəhər Məhkəməsinin 2(125)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs hər ay 480 manat aliment tutularaq tələbkar X5 xeyrinə tutulmalıdır. - xx.xx.2024-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1 şəhər Məhkəməsinin 2(125)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2024-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs Gəncə şəhər Məhkəməsinin 2(125)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qərarının icra etməməsi barədə xəbərdar olunmuşdur. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, bugünkü günə aliment borcundan cəmi 600 manat ödəniş etdiyini bildirmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(125)-247/2024 nömrəli qərərdadına əsasən Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. - xx.xx.2024-cü il tarixli “borclunun ünvanda yaşamaması haqqında” aktın sürətindən görünür ki, borclu Şəxs yaşadığı ünvan kimi qeyd edilən ünvan 1 edilmişdir. - xx.xx.2024-cü il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası üzrə axtarışa verilmişdir. - X4 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, borclu ilə qarşılıqlı razılığa gəlmişdir. Aliment ilə bağlı gələcəkdə heç bir iddiasının və tələbinin olmayacağını bildirmişdir. Odur ki, borclu Şəxs barəsində görülmüş bütün məcburi icra tədbirlərinin dayandırılmasına və Gəncə şəhər Məhkəməsinin 2(125)-218/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icra olunmadan məhkəməyə geri qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir. - Şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Şəxs payına düşən ünvan 2 ünvanında yerləşən mənzilin 2/5 hissəsini və nikah dövründə əldə edilmiş əşyaların yarı hissəsini aliment əvəzi olaraq uşaqlarına bağışlamaq ilə bağlı X8 ilə qarşılıqlı razılığa gəlmişdir. Bununla bağlı gələcəkdə də heç bir iddiası və tələbi olmayacaq. Odur ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-218/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icra olunmadan məhkəməyə geri qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2037/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2037/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver