Məhkəmə qərarları › İş №3(125)-2039/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2039/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2039/2023 11.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, evli, ali təhsilli, “Bakı Cihazqayırma Zavodu”nda işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 4-cü Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Gəncə şəhəri BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs inzibati xəta haqqında protokolda göstərilən əməli törətmişdir. Onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, Gədəbəy rayonundan gələn zaman onun avtomobilinin təkəri partlamış və o da Gəncə şəhərinə təkər götürmək üçün gəlmişdir. Bu zaman həmin yerdə YPX-nin əməkdaşlarının olduğunu görmüş və avtomobili saxlayaraq onlardan şəhərdən necə çıxa biləcəklərini soruşmaq istəyən zaman YPX əməkdaşları ona “sən içkilisən?” dedilər. Həmin vaxt o, polis əməkdaşlarına yol soruşmaq üçün dayandığını, içkili olmadığını və indiyə qədər də spirtli içki qəbul etmədiyini bildirmişdir. YPX əməkdaşı ona alkotesterə üfürməsini bildirsə də o, alkotesterə üfürməkədən imtina etmişdir. Qeyd olunanlara əsasən barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPXB-nün yol patrul xidməti inspektoru, polis baş serjantı X3 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində Gəncə şəhəri, Əziz Əliyev küçəsində “Kia Sorento” markalı, **-OL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil tərəflərindən saxlanılmış, sərxoşluq əlamətləri olduğu üçün sözügedən avtomobilin sürücüsünə, yəni Şəxs alkotesterə üfürməsi xahiş edilsə də həm Şəxs, həm də yanındaki sərnişin X1 tabesizlik göstərərək alkotesterdən keçməkdən imtina etmişdir. Sürücü Şəxs alkotesterdən keçməsi tələb edilsə də o, yenidən onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onlar hadisə yerinə post patrul xidməti əməkdaşlarını köməyə çağırmış, post patrul əməkdaşları ora gəldikdə sürücü və avtomobildə olan sərnişin onlara da tabesizlik göstərmişdir. Daha sonra PPX-nin köməyi vasitəsi ilə sürücü və sərnişini aidiyyəti üzrə 4cü Polis Bölməsinə gətirib raport vasitəsi ilə Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPXB-nün YPX inspektoru, polis serjantı X4 digər şahid X3 ilə eyni məzmunda ifadə verərək, onun ifadəsindəki xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahidlərin ifadəsi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləlikə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını və inzibati xəta haqqında iş üzrə digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar