Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2041/2024 14.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 21489463 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21489463 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami prospektində ünvan 38 olduğu halda qərara uyğun (5 nömrəli məktəbin qabağı kimi təsfir olunan yer) ərazidə ona aid avtomobildə hərəkət edərkən piyadaya yol verməməyi ilə əlaqədar iddia əsasında elektron tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Qərarın tərtibatını araşdıran zaman bir sıra nüanslar onu narahat etdiyi üçün məsələni mübahisələndirmək qərarına gəlmişdir. Belə ki: 1. Ərazidə avtobus dayanacağı olduğu üçün həmişə o nöqtədə insanlar toplaşır və onlar piyada keçidindən keçmək yox avtobus gözləmək üçün orada dayanırlar. Elektron qərarda təsvir olunan şəkil piyada keçidindən öncə və sonra avtomobilinin görüntüsü buna əsas verir ki, oradakı insanlar tərpənməyib öz avtobaslarını gözləyirlər. Nədənsə elektron qərar tətbiq edən texniki vasitə süni intelekt altında belə bir bir mülahizəyə gəlir ki, o piyadaya yol vermir. Bu texnologiyanın hansı sertifikatla idarə olunduğu onun üçün çox maraq yaradır. Ümid edir ki, aşağıdakı müvafiq qanuna istinadlarında bunada aydınlıq gətiriləcəkdir. 2.Digər tərəfdən İXM-nin 122-ci (İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329 2. 330. 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibatı tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.) maddəsi aydın göstərir ki, elektron səviyyədə qeydə alınan texniki vasitələr vasitəsilə sübut gətirilən bütün qərarlar real vaxt rejimində şəxsin fərdi hesab səhifəsinə göndərilir. Belə ki, 09:35 saatında xəta elədiyi iddia olunsada ötürülmə 16:15 saatında müəyyən edilmişdir. Buda əsas gətirir ki, hadisəni texniki vasitə yox insan iradəsi idarə edir. Sanki görüntülərin arxaya və önə nəql edilməsi ilə insan amili tərəfindən 16:15 iddia olunan hadisəyə reaksiya verilmişdir, bu da müəmmalı haldır və müvafiq qanunla uyğunlaşmır. 3.Digər bir tərəfdən də elektron qərarın tərtibatında texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasında keçməsini təsdiq edən sənədin nömrəsi və tarixi eləcədə növbəti dövlət yoxlamasından keçirilməli olunduğu vaxt göstərilməmiş, xanalar bəziləri boş buraxılmış digərləri isə ümumiyyətlə yazılmamışdır. Buda inzibati xəta haqqında protokolun səlahiyyətli orqanın (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibatı xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardatın formalarının təsdiq edilməsi haqqında Azərbaycan Republikası NK-nın 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavənin tələblərinin kobud pozulmasıdır. Belə ki, inzibati xətanı törədən şəxsə bununla texniki vasitənin saxta, nasaz, işlək olmadığını sübutlandırmaq üçün həyata keçirilməkdədir, yəni haqqında qərar tətbiq edilən onun hansısa texniki vasitə tərəfindən aldadılmadığını aydın şəkildə dərk etsin və öz aqibəti ilə razılaşsın. Həmçinin qərarda İXM-nin 81-ci ( Xüsusi texniki vasitələrin göstəriciləri 81.1 Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. 81.2. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında ış üzrə protokolda (İnzibati xəta haqqında iş üzrə qərarda qeyd edilir.) maddəsi və İXM-nin 100 1.8-ci ( inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar) maddəsinin tələbləri göründüyü kimi kobud pozulmuşdur. 4.Yuxarıda qeyd etdiklərindən belə bir mülahizəyə gəlmişdir ki, onun xəta törətmədiyi halda onu xətalı olmaqda günahlandıran, iddia ilə çıxış edən texniki vasitə mütləqdir ki, öz hüquqi texniki kimliyini -yəni modelini, markasını və ona aid texniki göstəricilərin sınaqdan keçməsini mütləq ki İXM-nin 8-ci maddəsinin tələbi və Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü bəndinin tələbləri əsasında ona vətəndaşa izah etməlidir və qanun bunu onun üzərinə əsas tələb kimi qoyur. 5.Ali suni intellektə malik olan bu texniki vasitə ilə sözün əsl mənasında tanışlıq halını yaşamaqdan yəni onun modelini, markasını və sınaq yoxlama predmetlərini bilməkdən çox məmnunluq keçirəcəyini bildirmişdir. Bu hal təqdim edilmədiyi halda isə məyus qalaraq teniki vasitənin (məni qeydə alan təqsirli bilən) insan iradəsində xidmət etdiyini başa düşməli olacam və buda müvafiq qanunun tələblərinə ziddir. 6.Həmçinin belə hallarla əlaqəli olan 3(104)- 207/2021 tarixli Gəncə Apeliyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarını da sənədə əlavə etmişdir ki, vəziyyətin izahatında ona kömək olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq DİN-nin BDYPŞ-i öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, həmçinin mübahisələndirilən qərarı və onun əsasını təşkil edən protokolun qanuniliyinə və əsaslığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək barəsində tərtib olunmuş protokolun natamam olduğunu bildirmiş, pozuntuları qeydə almış kameranın texniki göstəricilərinin təyinatı və xüsusiyyətlərinin müvafiq pozuntu faktının qeydə alınmasının qanunvericiliyə uyğun olmayan şəkildə həyata keçirildiyini məhkəmənin nəzərinə çatdıraraq həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 21489463 nömrəli qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 09:35-də CHEVROLET CRUZE MİNİK markalı **-VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol vermədiyinə görə İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X1 həmin tarixdə inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında öz əksini tapmamış, o cümlədən DİN-nin BDYPŞ-i tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi göstərilmiş, həmin maddəsinin tövsifedici əlaməti nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi dedikdə sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi kimi başa düşülür. Məhkəmənin sorğusuna əsasən inzibai xətanın baş verdiyini əks etdirən foto və video görüntülər, həmçinin sənədlər tələb edilsə də, məhkəmənin sorğusuna cavab verilməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi X2 inzibati xəta hadisəsi törətməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da X2 tərəfindən hansı inzibatı xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. İşin xüsusi ilə mühum əhəmiyyətli halı ondan ibarətdir ki, Azərbaycan Respublikası İnzibat İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi başlanılmış inzibati icraata xitam vermənin əsaslarını sadalayarkən inzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrinin zəruriliyini tələb etmiş, inzibati xəta xüsusi texniki vasitənin köməkliyi olmadan qeydə alındıqda isə ona xitam vermənin əsaslarını özündə ehtiva etmişdir. xx.xx.2024-cü il tarixi EQ 21489463 saylı qərara nəzər yetirildikdə isə qərarda inzibatı xətanın xüsusi texniki vasitənin köməkliyi ilə müəyyən edildiyi qeyd edilsə də həmin xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM- in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati əta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixi EQ 21489463 saylı inzibati tənbeh vermə haqqında qərar leğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası DİN-nin BDYPŞ-i tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21489463 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2041/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2041/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver