Məhkəmə qərarları › İş №3(125)-2042/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2042/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2042/2024 24.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin nümayəndəsi Nümayəndə və qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası MN yanında X5 və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1500 (min beş yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR MN yanında X5 və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi X3 xx.xx.2024-cü il tarixli, MN №1299237 saylı qərarı ilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə edilmişdir. AR MN yanında X5 və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi X3 xx.xx.2024-cü il tarixli, MN №1299237 saylı qərarı ilə razı deyil və hesab edir ki, qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, bir tərəfli araşdırılma aparılmış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. İşin mahiyyəti ondan ibarətdir ki, o, qərarda qeyd edilən evin mülkiyyətçisidir. Həmin ev tam mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd olunan ev yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüş və bununla bağlı AR MN yanında X5 və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi ilə müqavilə bağlanmışdır. Həmçinin akt tərtib edilmiş və evin mövcud vəziyyəti həmin aktda qeyd olunmuşdur. Həmin aktın özündə də qeyd edilmişdir ki, evin pəncərələri plastikdir. Bundan sonra mülkiyyətçi kimi öz evində bəzi təmir-bərpa işləri aparmışdır. Belə ki, qeyd olunan evin pəncərələri əvvəllər taxtadan olmuş, lakin sonradan çürüdüyü və yararsız vəziyyətə düşdüyü üçün evin pəncərələrini eyni rəngdə olan plastik pəncərə ilə əvəz etmişdir. Daha sonra həmin idarə ona cərimə tətbiq etmişdir. Səbəb olaraqda qeyd etmişdir ki, həmin evin ikinci mərtəbəsində pəncərələr sökülmüş, pəncərələrin alt hissəsi iki cərgə kərpiclə hörülmüş, daxili divarların suvağı çapılaraq təmişlənmiş və kərpiclərin üzü zədələnmişdir. O, başa düşmür həmin ev onun xüsusi mülkiyyətində olan evdir və kimdənsə icazə almalı deyil ki, evin artıq yararsız olan və yağış yağanda evə su axıdan pəncərəsini dəyişsin. Gəncə şəhərində yüzlərlə tikili var və həmin tikililər söküləndə heç bir qurumun səsi çıxmır. Tarixi binadır deyə o, cürük taxtadan olan pəncərələrlə yaşamalıdır? Xüsusi mülkiyyətində yaxşılaşdırma işləri aparmaq onun Konstitusiya hüququdur. Hər bir halda Konstitusiya normaları Nazirlər Kabinetinin qərarından üstün hüquqi qüvvəyə malikdir. Şikayətinə əlavə etdiyi 258 saylı aktdan da görünür ki, evin pəncərələri plastik olaraq qeyd edilmişdir. Həmçinin araşdırma aparılmamışdır. Belə ki, təmir-bərpa işləri aparılan zaman qeyd olunan qurum heç bir münasibət və ya xəbərdarlıq etməmiş, iş bitər bitməz tez cərimə tətbiq etmişlər. Göründüyü kimi heç bir əsas olmadan qeyri-qanuni onun barəsində inzibati xəta törətməyimlə bağlı qərar qəbul edilmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun izahat verərək pəncərələrin çərçivələrinin cürüdüyündən, sıradan çıxdığından plastik pəncərə ilə əvəz etdiyini bildirmişdir. Onu idarəyə dəvət ediblər və o, eynəksiz və otaq qaranlıq olduğundan həmçinin ona izah edilmədiyindən sənədlərə qol çəkdiyini nəzərə çatdırmışdır. Sonra o, qanunazidd hərəkət etmədiyini və xüsus mülkiyyətçi olduğundan evində təmir-bərpa işlərini həyata keçirdiyini qeyd etmişdir. Daha sonra o, binanın fasadında hər hansı bir konstruktiv dəyişikliklər etmədiyini, ancaq binada xarici estetik görünüşə xələl gətirmədən yaxşılaşdırma işləri apardığını əlavə etmişdir. Məhkəmə iclasında AR MN yanında X5 və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin nümayəndəsi Nümayəndə çıxışında bildirmişdir ki, Faiq Mehdiyevlə evinin yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülməsi barədə müqavilə imzalanmış, ona hər hansı dəyişiklik ediləcəyi təqdirdə məlumat verilməsi əks halda İXM-də nəzərdə tutulmuş məsuliyyəti izah olunmuşdur. Faiq Mehdiyevə 30-45 dəqiqə ərzində müqavilənin şərtləri və evinin yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi xüsusi inventar nömrəsinin olduğu izah edildiyini nəzərə çatdırmışdır. 20 may tarixində GRİ-nin əməkdaşı X8 Mehdiyevə yaxınlşaraq pəncərədə edilmiş dəyişikliklə bağlı irad bildirmişdir. Sonda vətəndaşın lahiyə ilə AR MN yanında X5 və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinə müraciət etməli olduğu qeyd edilmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X2 İXM-in 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - xx.xx.2024-cü il tarixli, № 258 saylı “daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarına dair” mühafizə müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami pr.77, İnventar №3918 yaşayış evi yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür. - xx.xx.2024-cü il tarixli, № 258 saylı “tarix və mədəniyyət abidələrinin texniki vəziyyəti haqqında” aktın surətindən görünür ki, evin tavan və döşəməsi taxta, pəncərələri isə plastik olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; -99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; - 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İXM-in 231.2-ci maddəsinə əsasən mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X4 İXM-in 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə isə şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunun 39.6-cı maddəsinə əsasən mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X5, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnaməsi”nin 3.0.29-cu maddəsinə əsasən mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlayırlar. Şikayət ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, № 258 saylı “daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarına dair” mühafizə müqaviləsinin 2.2.5-ci bəndində “Abidəni və onun mühafizə zonasını təmiz, səliqəli və abad vəziyyətdə saxlamaq, Dövlət Xidmətinin yazılı razılığı ilə öz hesabına təmir və bərpa işlərini aparmaq tərəflərin öhdəlikləri kimi nəzərdə tutulsa da, şikayətçi X4 müqavilədə nəzərdə tutulmuş öhdəliyini pozmuş və buna görə də barəsində 31 may 2024-cü il MN ******* saylı inzbati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, İXM-in 99.1.1, 99.1.2 və 99.1.3-cü maddələrində qeyd edilən hallar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər kimi göstərildiyindən mühahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar İXM-in müddəalarına uyğun tərtib edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərarla tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-in müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, AR MN yanında X5 və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin X1 Azərbaycan Respublikası İXM-in 231.2-ci maddəsi ilə təqsirli bilinib 1.500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası MN yanında X5 və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar