Məhkəmə qərarları › İş №3(125)-2046/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2046/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2046/2024 07.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Gəncə şəhər DYPŞ-nin polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Samux rayonu, Əlibayramlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9, 510, 511.1.3 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsindən və Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, müəyyənetdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli və Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinin polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 07 iyun 2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işlərə baxılması Gəncə Şəhər Məhkəməsinə aid olduğundan, onların bir icraatda məhkəmədə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin o cümlədən 342.9, 510, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Materiala əlavə edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 2-ci Polis Şöbəsinin inzibati ərazisində avtomaşınla xırda xuliqanlıq hərəkətləri edərək polisin qanuni tələblərinə məhəl qoymamışdır. Materiala əlavə edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Daimler Chrysler” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozaraq, avtoxuliqanlıq əməli törətmişdir. Materiala əlavə edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Daimler Chrysler” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə (çoxavazlı) səs siqnalı quraşdıraraq istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər BPİnin 2-ci Polis İTB-nin polis sahə rəisi, polis kapitanı X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 2-ci Polis Şöbəsinin inzibati ərazisində avtomaşınla xırda xuliqanlıq hərəkətləri edərək onu nizam intizama dəvət edən polisin qanuni tələblərinə məhəl qoymamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsinin polis leytenantı X4 protokolları müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Daimler Chrysler” markalı, **-VE- *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri inzibati ərazisində yol hərəkəti qaydalarına əməl etməmiş, qəza vəziyyəti yaradan hərəkətlər etməklə, avtoxuliqanlıq əməli törətmişdir. Bundan başqa, Şəxs avtomobilində müvafiq icazə olmadan qanunla tətbiqinə icazə verilməyən xüsusi (çoxavazlı) səs siqnalı olduğundan ona polis əməkdaşları tərəfindən DYPŞ-nin müvəqqəti duracağına yerləşdiriləcəyi bildirilmiş, lakin o, bu zaman avtomobili qəfil sürətləndirərək təkərlə yolun səthində iz salmaqla davamlı səslər çıxarmaqla nəticələnən manevrlər etməyə başlayaraq oradan uzaqlaşmağa başlamış, həmçinin dəfələrlə yol hərəkətini pozub işıqforun qırmızı işığında hərəkət edərək, avtoxuliqanlıq əməli törətmişdir. Saxlanıldıqdan sonra isə səs-küy salaraq, ucadan nalayiq ifadələr işlətmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, inzibati xəta haqqında protokollarda qeyd edilən əməlləri törətmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Daimler Chrysler” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Heydər Əliyev prospektindən yuxarı qalxan zaman polis əməkdaşlarının saxla əmrinə tabe olaraq avtomobilini saxlamışdır. Polis əməkdaşları ona gündüz vaxtı avtomobilə alt – lent işıqları quraşdırdığını bildirmişlər. Belə ki, o, həmin vaxt azyaşlı oğlunun qolunun qırıq olmasını və azyaşlı qızının xəstə olmasını bildirərək onun getməsinə icazə verilməsini və ona yüngül cəzanın, yəni cərimənin verilməsini xahiş etmişdir. Lakin buna icazə verilmədiyindən o, telefonu yerə ataraq avtomobili sürərək hadisə yerindən qaçmış, evə getmişdir. Evdə azyaşlı oğlu avtomobilin dövlət qeydiyyat nişanlarını çıxartmışdır. Yenidən avtomobili sürərkən bir neçə polis əməkdaşına rast gəlmiş, bu zaman özünü itirərək polisdən yayınmağa çalışmışdır. Törətdiyi əməldən peşmandır. Himayəsində azyaşlı uşaqlarının olmasını, anasının öldüyünü, hazırda ailəsini dolandıran yeganə şəxs olmasını nəzərə alaraq, onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin YPX inspektoru polis baş serjantı Şahid izahatında bildirdi ki, xx.xx.2024-cü il tarxidə ekipaj yoldaşı Əliyev Talehlə birlikdə patrul avtomaşınında xidmətdə olan zaman təxminən saat 17:00 radələrində H.Əliyev prospekti ilə hərəkətdə olan **-VE-*** dövlət qeydiyyat nişanlı avtomaşında duman əleyhinə olan işıqları qanunla tətbiqinə icazə verilməyən led lampaları olduğu üçün saxlanılmışdır. Şəxs pozduğu qayda pozuntusu izah edilmiş və avtomobilin DYPŞ-nin müvəqqəti duracağına yerləşdiriləcəyi bildirilmişdir. Şəxs avtomobili qəfil sürətləndirərək təkərlə yolun səthində iz salmaqla davamlı səslər çıxarmaqla nəticələnən manevrlər etməyə başlayaraq oradan uzaqlaşmağa başlamışdır. Polis əməkdaşları onu müşayiət edən zaman işıqforun qadağanedici işığında hərəkət edərək digər nəqliyyat iştirakçılarına qarşı təhlükəli qayda pozuntusu etmişdir. Şəxs nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli hərəkət zolağına çıxarması, işıqforun qadağanedici işığında keçdiyi və digər avtoxuliqanlıq hərəkətləri etdiyi üçün avtomobilin məcburi dayandırılması təmin edilmişdir. Həmçinin sürücü onları təhqir etmiş, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə olan videoçəkilişlərdən (TŞ) görünür ki, sürücü Şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı görünməyən, boz metallik rəngli olması təxmin edilən (Şəxs inkar etmədiyi) avtomobil onu təqib edən yol patrul xidməti avtomobilinin inspektoru tərəfindən verilmiş saxla işarəsinə məhəl qoymadan dəfələrlə yol hərəkət qaydalarını pozmaqla, sağ-sol manevr hərəkətləri etməklə hərəkətini davam etdirmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:00-da tutulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs istifadəsində olan avtomobillə Gəncə şəhəri, Heydər Əliyev prospektində hərəkət edərkən avtomaşında duman əleyhinə olan işıqları qanunla tətbiqinə icazə verilməyən led lampaları olduğu üçün yol patrul xidmətinin əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, sürücü əvvəlcə avtomaşını saxlamış, lakin sonradan polisin saxla işarəsinə məhəl qoymayaraq sağ-sol hərəkətləri etməklə manevr qaydalarını dəfələrlə kobud şəkildə pozmuş, avtomobili qəflətən sürətləndirməklə təkərlərin yolun səthi üzərində izlərin buraxılması və səslərin çıxarılması ilə müşayiət olunan hərəkətlər etmiş, polis əməkdaşları onu müşayiət edən zaman avtomobili dövlət qeydiyyat nişanlı olmadan işıqforun qadağanedici işığında hərəkət etdirərək digər nəqliyyat iştirakçılarına qarşı təhlükəli qayda pozuntusu etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra isə ətrafdakı insanların diqqətini çəkəcək şəkildə ictimai yerdə polisin ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Həmçinin, saxlanıldıqdan sonra Şəxs avtomobilində müvafiq icazə olmadan qanunla tətbiqinə icazə verilməyən xüsusi (çoxavazlı) səs siqnalı aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342,9, 510, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində qeyd edilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində qeyd edilir ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə qeyd edir ki, Şəxs isnad edilən inzibati xətaların içərisində İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan xəta daha ciddi xəta olduğundan, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından müəyyən edilir ki, Şəxs himayəsində üç azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, himayəsində üç azyaşlı uşağının olmasını, onun məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə əlavə inzibati tənbeh ilə yanaşı, 15 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 06 iyun 2024-cü il tarixdən saat 18:00-dan hesablanmalıdır. Eyni zamanda, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında əlavə tənbeh kimi inzibati xətanın bilavasitə obyekti olmuş premdetin müsadirəsi nəzərdə tutulduğundan, inzibati xətanın bilavasitə obyekti olan və məhkəmənin inzibati binasında saxlanılan bir ədəd xüsusi (çoxavazlı) səs siqnalı dövlət nəfinə müsadirə olunmalıdır. Bundan başqa, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9, 510, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd xüsusi (çoxavazlı) səs siqnalı dövlət nəfinə müsadirə edilməklə, ona İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli 06 iyun 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar