Məhkəmə qərarları › İş №3(125)-205/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-205/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-205/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan və digər sənədlərdən görünür ki, 20 yanvar 2025-ci il tarixdə Şəxs idarə etdiyi avtomobil ilə Gəncə şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən qayda pozuntusu etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılan zaman ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X1 protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək bildirdi ki, o, 20 yanvar 2025-ci il tarixdə “OPEL ASTRA” minik markalı, **-VY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Gəncə Mall tərəfdə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin qarşında idarə edən zaman DYP əməkdaşları onu saxlamış və alkotestrə üfürməsini bildirmişlər. Bu zaman o, DYP əməkdaşına “əgər mənim içkili olduğumdan şübhələnirsizsə məni tibbi müayinəyə aparın” deyə bildirmiş və idarə etdiyi nəqliyyat vasitəsini saxlayaraq nəqliyyat vasitəsindən düşmüşdür. Bu zaman kapitan rütbəsində Elşad adlı DYP əməkdaşı kəmərindən tutaraq onu vurmuş və polis şöbəsinə aparmışdır. Lakin o, həmin vaxt orada səs-küy salmamış, ictimai qaydanı pozmamış və polisin qanuni tələblərinə tabe olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYP inspektoru, polis baş serjantı X4 ifadə verərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə BMW markalı **-YP-*** nömrəli patrul avtomobili ilə ekipaj yoldaşı İsmayılzadə Yaqubla xidmətdə olan zaman **-VY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil uzaq vuran işıqlardan istifadə etdiyi üçün saxlanılmışdır. Şəxs etdiyi qayda pozuntusu izah edilmiş, o cümlədən sərxoşluq vəziyyətinin yoxlanılması üçün alkotestrə üfürməsi bildirilən zaman o, alkotestrə üfürməkdən imtina edərək səs-küy salmağa başladı və polisin qanuni tələbinə tabe olmadı. Bundan sonra Şəxs Gəncə şəhər BPİ-nin 1-ci X2 Hissəsinə təhvil verilmişdir. Əlavə olaraq onu da bildirdi ki, həmin vaxt üzərində olan mikrafon işlək vəziyyətdə olmamışdır. Həmçinin onu da qeyd etdi ki, Şəxs alkotestrə üfürməkdən imtina etsə də, tibbi müayinədən keçirilməsini xahiş etdi. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs ona görə inzibati məsuliyyətə cəlb edilməlidir ki, 20 yanvar 2025-ci il tarixdə Şəxs ictimai yerdə ucadan səs-küy salaraq xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, həmin gün Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati ərazisi olan Gəncə şəhəri, H.Əliyev prospektində Şəxs tərəfindən ictimai qaydanın pozulması və polisin qanuni tələbinə qəsdən tabe olmama halları öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs qeyd edilən yerdə həqiqətən də ictimai qaydanı konkret olaraq hansı hərəkətlər ilə pozması və polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: 21 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar