Məhkəmə qərarları › İş №3(125)-206/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-206/2022

21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-206/2022 21.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X9, zərərçəkmiş şəxslər X5 və X6, müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kəlbəcər rayonu, Bağırlı kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU ətrafında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 ətrafında yerləşən zərərçəkmiş şəxsin yaşadığı evə gələrək, keçmiş həyat yoldaşı X3 və qızları X6 üzərinə qaynar su tökərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bundan sonra Şəxs xx.xx.2022-ci il tarixdə isə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 ətrafında yerləşən zərərçəkmiş şəxsin yaşadığı evə gələrək, onların evdən çıxmaqlarını tələb edərək taxta parçası ilə X1 zərər vurmayan xəsarətlər yetirərək döymüşdür. Bununla da o, İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən xx.xx.2022ci il tarixli, MN ******* nömrəli və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X12 protokolların məzmununa uyğun çıxış edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tez-tez polis şöbəsinə zərərçəkmiş şəxs X5 tərəfindən şikayətlər daxil olduğunu bildirərək, tərtib olunmuş protokolları müdafiə edərək, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında qeyd edilən inzibati xətaları törətməsini etiraf edərək bildirdi ki, zərərçəkmiş şəxs X5 onun keçmiş arvadı, digər zərərçəkmiş şəxs X10 isə onun qızıdır. Törətdiyi əməllə bağlı bildirdi ki, onun niyyəti qaynar suyu uşağın üzərinə yox, Fəxriyyənin üzərinə tökmək olmuş, həmçinin Fəxriyyəni evdə başqa şəxslə gördüyü üçün əsəbləşərək onu döymüşdür. Əməlindən peşmandır və barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, Şəxs onun keçmiş əridir. Ona məhkəmə tərəfindən uzun müddətli mühafizə orderi verilməsinə baxmayaraq, Şəxs yenə də onu harada görürsə yaxınlaşıb təhqir edir, onu rahat buraxmır. 21 iyun 2022-ci il tarixdə Şəxs onların Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 ətrafında yerləşən evlərinə gəlmiş, o isə onu görmək istəmədiyini və çıxıb getməsini bildirmişdir. Bundan sonra Şəxs qaz piltəsinin üzərində olan çaydanı götürərək, onun və qızının üzərinə atmış və onlara qaynar su ilə xəsarət yetirmişdir. Növbəti dəfə isə Şəxs yenə də onların yaşadıqları evə gələrək onların evdən çıxmasını tələb etmiş və taxta parçası ilə ona xəsarətlər yetirərək döymüşdür. Bu səbəbdən onu törətdiyi əmələ görə bağışlamır. Onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 anası X5 izahatına anoloji məzmunlu izahat verərək Şəxs inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs tərəfindən keçmiş arvadı X3 və qızı X8 üzərinə qaynar su tökərək, xəsarət yetirməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat başlanılaraq Gəncə şəhər 1-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 09 iyul 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 əri Şəxs tərəfindən döyülməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat başlanılaraq Gəncə şəhər 1-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın törədilmə şəraitini, məsuliyyəti yüngülləşdirən halın olmamasını və ağırlaşdıran hal kimi isə Şəxs il ərzində ikinci dəfə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə edilməməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla onun barəsində tərtib olunmuş protokollar üzrə müəyyən edilmiş əməllərə görə ayrı-ayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 20 (iyirmi) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 1 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2022-ci il saat 17:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar