Məhkəmə qərarları › İş №3(125)-2064/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2064/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2064/2024 10.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-2783/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 6000 ABŞ dolları pul milli manat ekvivalentində vəsaiti və 122 manat dövlət rüsumu tutularaq, tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Samux rayon İcra və Probasiya Şöbəsi tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul olunmuş, surəti tərəflərə və məhkəməyə göndərilmiş, həmçinin borcluya tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2783/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə Samux rayon İcra və probasiya Şöbəsi tərəfindən ərazi aidiyyəti üzrə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə idarənin icraatına daxil olmuşdur. Borclu Şəxs tələbin könüllü icrası haqqında müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsədə, lakin borclu tələbi könüllü icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq, izahatı alınmış, borclu izahatında hər ay borcundan 100 manat ödəniş etməyə maddi imkanı olduğunu bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclunun icra sənədi üzrə heç bir ödəniş etmədiyini bildirmiş və borcun ödənilmədiyi təqdirdə borclu barəsində qanunla nəzərdə tutulmuş qaydada məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu Şəxs son izahatında icra sənədi üzrə borcundan hal-hazıradək 500 manat ödəniş etdiyini və borcundan hər ay 100 manat ödəniş etməyə davam edəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs barəsində icra sənədi üzrə zəruri Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən icra tədbirləri görülmüş, lakin borclu borcunu tam şəkildə ödəməmişdir. Beləliklə, borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X2 protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu şəxs Şəxs çıxışında heç bir yerdə işləmədiyindən borcunu ödəyə bilmədiyini, sonuncu dəfə mart ayında borc üzrə 500 manat ödəniş etdiyini bildirmişdir. Sonda o, borcu ödəməkdən boyun qaçırmadığını və daşınmaz əmlakının satılmasından sonra borcunu tam şəkildə ödəyə biləcəyini məhkəmənin nəzərinə çatdırmışdır. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs çıxışında borclu Şəxs 6000 dollar məbləğində borc pulu 10 ildir ödəyə bilmədiyini bildirmişdir. Sonda borclunun kifayət qədər imkanının və mülkiyyətində daşınmaz əmlaklarının olduğunu, lakin borcu ödəməkdən qərəzli şəkildə yayındığını məhkəmənin diqqətinə çatdırmış və borclunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Samux rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2783/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsində borclu Şəxs ona icra sənədi üzrə heç bir ödəniş etmədiyini bildirərək yığılmış borcunu ödəmədiyindən Şəxs barəsində qanuna müfaviq məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. - Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi izahatdan görünür ki, hər ay borcundan 100 manat ödəniş etməyə maddi imkanı olduğunu bildirmişdir. - Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi izahatdan məlum olur ki, heç bir yerdə işləmədiyindən maddi imkanı olduqca çox zəifdir, lakin fevral ayından etibarən hər ay 200 (iki yüz) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə verdiyi izahatdan görünür ki, icra sənədi üzrə borcundan hal-hazıradək 500 manat ödəniş etdiyini və borcundan hər ay 100 manat ödəniş etməyə davam edəcəyini bildirmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar