Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2066/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 10 iyun 2024-cü il tarixli, MN ******* nömrəli protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-993/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 2 uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində aliment tutularaq tələbkar Həmzəyeva (Xəlilova) Aynurə Rafiq qızına ödənilməlidir. İnzibati xəta haqqında protokola əlavədə qeyd edilmişdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-993/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq borclu Şəxs Saqi və Ruhin adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat məbləğində aliment tutularaq tələbkar Həmzəyeva (Xəlilova) Aynurə Rafiq qızına ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq göndərilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu ödəməmişdir. Bugünkü tarixdə Şəxs yenidən İdarəyə dəvət edilmiş, qalıq borcunu tam şəkildə ödəməsi tələb edilmiş, lakin o, izahatında yaranmış aliment borcunu ödəyə bilmədiyini və heç bir yerdə işləmədiyini bildirmişdir. Aliment borcu 1160 manat təşkil edir. Borclu Şəxs icra sənədi üzrə borcunu üzrsüz səbəbdən ödəmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 protokolun məzmununa uyğun ifadə vermişdir. Daha sonra o, tələbkar şəxslə telefon vasitəsi ilə əlaqə yaratmış və bu zamanı tələbkar ona 1000 manat məbləğində ödəniş olunduğunu bildirərək borclu Şəxs barəsində şikayətçi olmamasını məhkəmənin nəzərinə çatdırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında borcundan hazırda 1000 manat ödəniş etdiyini bildirmiş və ödəniş qəbzlərini təqdim edərək inzibati məsuliyyətdən azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 10 iyun 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-993/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələb Şəxs tərəfindən icra edilmir. - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-993/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs hər ay 280 manat aliment tutularaq tələbkar X2 xeyrinə tutulmalıdır. - xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)- 993/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 84.2-ci və 84-1.1-ci maddələrinə müvafiq olaraq məcburi gətirilmə və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2021-ci il tarixli, 8(043)-163/2021 saylı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərardadından görünür ki, borclu Şəxs məxsus “MMZ 45023” markalı, **- CR-*** qeydiyyat nömrə nişanlı yük avtomobilinin üzərinə həbs qoyulması və açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına icra sənədi üzrə borcun ödənilməsi qərara alınmışdır. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından, icra məmurunun və borclunun məhkəmə iclasında verdiyi izahatından görünür ki, Şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-993/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Çünki tərəflər öz aralarında razılığa gəlmişlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 10 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2066/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2066/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver