Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-207/2022 09.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X1, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş,icra məmuru X3 bildirdi ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2199/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 800 manat pul 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, lakin borclu borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda tərəflər öz aralarında razılığa gəlmişlər, ona görə də icra məmuru iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs olan borcundan 100 manat ödəniş etmiş, qalan borcu da hissəhissə ödəyəcəyi barədə zərərçəkmişlə öz aralarında razılığa gəlmişdir. Odur ki, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ərizə verərək bildirdi ki, o, borclu Şəxs borcundan 100 manat ödəniş etmiş, qalan borcu da hissə-hissə ödəyəcəyinə dair öz aralarında razılığa gəlmişlər. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatından görünür ki, Şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2199/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Çünki inzibati xəta haqqında protokola uyğun olaraq borcundan bir hissəsini ödəmiş, qalan borcu da ödəyəcəkdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. İcra məmuru borclu Şəxs təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Yenə də həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, Şəxs inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yenə də həmin Məcəllənin 105.1-ci maddəsi ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin müvafiq maddələrinə əsasən xitam olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-207/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-207/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver