Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2076/2024 12.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ 2-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı Gəncə şəh., Natəvan 2 deyilən ərazidə küçədə ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Azərbayan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə ŞBPİ 2-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi, polis mayoru X6 protokolun məzmununa uyğun çıxış edərək X2 DİN-nin 102 xidmətinə zəng edərək Nazimli adlı şəxsin 2 dəfə silahla atəş açaraq onu hədələməsini bildirmişdir. Daxil olmuş məlumat əsasında həmin yerə gedilmiş və Şəxs Polis şöbəsinə dəvət edilərkən küçədə uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud sürətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Həmin vaxt polis əməkdaşları Şəxs nizamintizama dəvət etsələrdə o, yenə öz hərəkətlərinə davam edərək polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra o Polis Şöbəsinə gətirələn zaman yolda, inzibati binanın qarşısında və içərisində bir daha uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud sürətdə pozmaqla polisin qanuni tələblərinə qəsdən tabe olmayıb öz hərəkətlərinə davam etmişdir. Polis şöbəsində raport əsasında onun barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında silahının olduğunu, lakin mübahisə zamanı silahdan istifadə etmədiyini qeyd edərək qonşusu Nofəl Həsənovun onu şərlədiyini bildirmişdir. Hadisəyə səbəb kimi qonşusu Nofəlin ona 30 manata araba satdığına baxmayaraq sonra ona icarəyə verdiyini bildirməsi olmuşdur. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər və o, razılaşmışdır. Polis şöbəsində olan zaman tanımadığı şəxs ona qeyri-etik davranış sərgiləyərək ona nalayiq ifadə işlətmişdir o, isə cavabında Azərbaycan Respublikasının vətəndaşı olduğunu bildirmiş, lakin heç kimi söyməmişdir. Sonda himayəsində üç azyaşlı uşağın olmasını və hazırda uşaqlarının qızılcadan əziyyət çəkdiyini məhkəmənin nəzərinə çatdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Gəncə ŞBPİ 2-ci polis şöbəsinin İTB-nin təhqiqatçısı, polis leytenantı Adil İmanov çıxışında xx.xx.2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də Əməliyyat Qrupunun üzvlüyündə xidmətdə olan zaman Gəncə şəhəri, Natəvan 2 qəsəbəsində yaşayan X5 Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək Nazim adlı şəxsin 2 dəfə silahla atəş açaraq onu hədələməsini bildirmişdir. Daxil olmuş məlumat əsasında həmin yerə gedilmiş və Şəxs Polis şöbəsinə dəvət edilərkən küçədə uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı kobu sürətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik etmişdir. Həmin vaxt polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələrdə o, yenə öz hərəkətlərinə davam edərək polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra o Polis Şöbəsinə gətirələn zaman yolda, inzibati binanın qarşısında və içərisində bir daha uca səslə nalayiq söyüşlər söyərək ictimai qaydanı kobud sürətdə pozmaqla polisin qanuni tələblərinə qəsdən tabe olmayıb öz hərəkətlərinə davam edərək iş rejimini qəsdən pozmuşdur. Məhkəmə iclasında Gəncə ŞBPİ 2-ci polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 çıxışında Adil İmanov ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan məlum olur ki, Şəxs həmin gün saat 18:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 150 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2076/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2076/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver