Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-208/2023 17.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 2(043)-67/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi məhəllə V-1-də yerləşən 0.045 ha torpaq sahəsinin-borclu Şəxs tərəfindən zəbt edilmiş 346.60 kv.m hissəsinin hasarı və onun tərəfindən tikilmiş 162.83 kv.m tikilinin (evin) həmin hissədə yerləşən 36.64 kv.m hissəsi; habelə borclu X2 tərəfindən zəbt edilmiş 48.57 kv.m hissəsinin hasarı-borcluların hesabına sökülməsi və torpaq sahəsi zəbtdən azad edilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və icra sənədini icra etməsi tələb edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. O, hazırda tələbkar ilə qətnamənin icrası ilə bağlı heç bir razılığa gələ bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, Gəncə Şəhər Məhkəməsinin 2(043)-67/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədindən məlumatlıdır və bununla bağlı tələbkarla qarşılıqlı razılığa gəlmək üçün dəfələrlə danışıqlar aparmağa çalışmış, lakin tələbkar onunla razılığa gəlməmişdir. O, evinin tələbkarın torpağına düşən hissəsinin, yəni onun tərəfindən zəbt edilmiş torpaq sahəsinin müqabilində tələbkara 10.000 (on min) manat və daha çox ödəniş, o cümlədən tələbkara Gəncə şəhəri ərazisində yerləşən torpaq sahəsi almağı təklif etmiş, lakin tələbkar yenə də onunla razılaşmamışdır. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu Şəxs bugünkü günədək Gəncə Şəhər Məhkəməsinin 2(043)-67/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədini icra etməmiş, o icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırır və icra etməyəcəyini bildirir. Bu məsələ ilə bağlı borclu tərəfindən ona olan təklifləri isə qəbul etmir və etməyəcəkdir. Ona görə də onun barəsində ciddi tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(043)-67/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan Gəncə şəhəri, Sevinc qəsəbəsi məhəllə V-1-də yerləşən 0.045 ha torpaq sahəsinin cavabdeh Şəxs tərəfindən zəbt edilmiş 346.40 kv.m hissəsinin hasarı və onun tərəfindən tikilmiş 162.83 kv.m tikilinin (evin) həmin hissədə yerləşən 36.64 kv.m hissəsi; habelə borclu X2 tərəfindən zəbt edilmiş 48.57 kv.m hissəsinin hasarı – cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(043)-67/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıqlar edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(043)- 67/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindəki tələbi üzürsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs qətnaməni icra sənədi ilə müəyyən edilmiş qaydada icra etməyərək icra sənədinin icrasından yayınmış və tələbkarla qətnamənin icrası ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, o cümlədən məhkəmə iclasında tələbkara zəbt edilmiş torpaq sahəsinə görə 10.000 (on min) manat və daha yuxarı məbləğdə kompensasiya təklif etməsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-208/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-208/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver