Məhkəmə qərarları › İş №3(125)-2092/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2092/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2092/2025 03.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 8, ev 4A da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 8, ev 4A da qeydiyyatda olmaqla yaşayan Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-3955/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi üzrə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, lakin borclu ödəniş etməmişdir. Hal-hazırda borclu Şəxs 2400 ( iki min dörd yüz) manat borcu mövcuddur. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş lakin Şəxs borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və borcun ödənilməsi tələb edilmişdir. Hal-hazırda borclu məhkəmə iclası zamanı borcundan 400 (dörd yüz) manat ödəniş etmişdir. Şəxs 2000 (iki min) manat borcu mövcuddur. Tərəflər hazırda razılığa gəlmişlər. Borclu bu barədə ərizə təqdim edərək hər ay 300 manat ödəniş edəcəyini bildirmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, borcunu inkar etmir. Lakin tələbkar tərəfin kart hesabını bilməməsi və onun kart hesabının iyunun 11-i deyildiyinə görə borcunun yığıldığını bildirmişdir. Dəfələrlə yetkinlik yaşına çatmayan uşağını görmək istəmiş, lakin tələbkar uşağı ona göstərmədiyi üçün alimenti ödəməmişdir. O, hazırda məhkəmə iclası zamanı borcundan 400 (dörd yüz) manat ödəniş etmişdir. Qalan borcunu isə hər ay 300 (üç yüz) manat olmaqla ödəyə biləcəyini bildirmişdir. Bu halların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində bildirmişdir ki, borclu Şəxs məhkəmə iclası zamanı ona 400 (dörd yüz) manat ödəniş etmiş və borclunun borcundan hər ay 300 (üç yüz) manat ödəyəcəyi halda heç bir şikayət və tələbi yoxdur. Sonda iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, dalan 8, ev 4A da qeydiyyatda olmaqla yaşayan Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-3955/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X2 ödənilməsi qət edilmişdir. - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3955/2024-004 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. - xx.xx.2024-cü il tarixli tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, borcundan 400 (dörd yüz) manat ödəniş etmişdir . Qalan 2000 (iki min) manat borcunu hər ay tələbkar tərəfə 300 (üç yüz) manat olmaqla ödəyəcəyinə söz vermişdir. -xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs borcundan 400 (dörd yüz) manat ödəniş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Şəxs borcundan 400 (dörd yüz) manat ödəniş etmişdir. Qalan borcunu isə hər ay tələbkara 300 (üç yüz) manat olmaqla ödəyəcəyini bildirmişdir. Lakin bütün bu hallara baxmayaraq borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olubolmaması tam şəkildə araşdırılmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsi əsassız olardı. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs borcundan ödəniş etmiş və qalan borcunu da ödəmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar