Məhkəmə qərarları › İş №3(125)-2107/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2107/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2107/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər DYPŞ-nin polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 342.7 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:53 radələrində VAZ 21074 minik markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 511.1.3-cü, 332.1-ci və 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş, Gəncə şəhər DYPŞ-nin polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:53 radələrində avtomobilin qeydiyyat nişanlarını üzərindən çıxardaraq şəhər ərazisində idarə edib toy karvanı ilə hərəkət edib Sadıllı qəsəbəsinə gəlib toy karvanı qarşısında əl əyləcindən istifadə edərək öz oxu ətrafında dövr etdirmişdir, yəni avtoxuliqanlıq hərəkətləri etmişdir. Şəxs şöbəyə dəvət edilmiş, əməlini etiraf etmiş və barəsində İXM-in 511.1.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, VAZ 21074 minik markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə, saat 16:53 radələrində avtomobilin qeydiyyat nişanlarını üzərindən çıxardaraq şəhər ərazisində idarə edib toy karvanı ilə hərəkət edib Sadıllı qəsəbəsinə gəlib toy karvanı qarşısında əl əyləcindən istifadə edərək öz oxu ətrafında dövr etdirmişdir. Hazırda o, etdiyi hərəkətlərdən peşmandır və bir daha belə hərəkətlər etməyəcəyinə söz verir. Ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərdən görünür ki, VAZ 21074 minik markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan şəxs avtomobilin qeydiyyat nişanlarını üzərindən çıxardaraq şəhər ərazisində idarə edib, toy karvanı ilə hərəkət edib, Sadıllı qəsəbəsinə gəlib toy karvanı qarşısında əl əyləcindən istifadə edərək öz oxu ətrafında dövr etdirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 511.1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində qeyd edilir ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, habelə inzibati materialda olan videogörüntü və digər sənədlərlə Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs əməlini etiraf etməsini və törətdiyi inzibati xətaya görə səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Belə ki, videoyazıdan da göründüyü kimi barəsində icraat aparılan şəxsin inzibati xəta xarakterli hərəkətləri nəticəsində avtonəqliyyat axını tamamilə dayanmış, avtonəqliyyat vasitəsinin təkərləri nümayişkaranə şəkil asfalt örtüyə sürtülərək xuliqanlıq hərəkətləri edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar