Məhkəmə qərarları › İş №3(125)-2108/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2108/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2108/2025 07.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26369339 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26369339 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat və 3 bal cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X7 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 14:19-da istifadəsində olan **-RL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML” minik markalı avtomobilini, Bakı-Qazax yolunun 342-ci kilometriliyində, İXM-nin 327.2-ci maddəsinin tələblərinə əsasən sərnişin daşıma qaydalarının pozulması səbəbinə görə elektron qərar tərtib edilərək 100 manat məbləğində və 3 bal cərimə olunması barədə qərar qəbul edilmişdir. Həmin tarixdə, avtomobil, idarə etməmişdir, dostu X10 idarə etmişdir. Həmin vaxt, avtomobil mülkiyyətçisi X8 da avtomobildə arxa oturacaqda əyləşmişdir, lakin nə səbəbə ona cərimə yazılması, onun barəsində inzibati məsuliyyət tədbiri görülməsi ona məlum deyil. Baş X15 İdarəsi tərəfindən yalnız foto şəkil təqdim olunmuşdur. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli EQ 26369339 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X7 izahatında bildirmişdir ki, işin içində heç bir sübut yoxdur. O, heç bir inzibati xəta törətməyib. Hesab edir ki, xüsusi texniki vasitənin vasitəsi ilə elektron qərar vurulursa, onun protokolu olmur, lakin, digər vizual görüntülü videonun protokolu olmalıdır, lakin ona təqdim olunmamışdır və bu səbəbdən ona təqdim olunmuş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Əlavə olaraq bildirmişdir ki, qanunda göstərilənlərə əsasən xüsusi texniki vasitənin köməkliyi ilə inzibati xəta aşkar olunubsa, reyestr nömrəsi ilə bilinir ki sonuncu dəfə ekspertizadan keçmə tarixi nə vaxta gədər qüvvədədir, yəni ki hər il qeydiyyatdan keçirilir və onla bilinir ki aparat işləyir, burda isə mövcud deyil. Ona görə də xx.xx.2025-ci il tarixli EQ 26369339 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə məlumat verilsə də nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli EQ 26369339 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı sərnişin daşıma qaydalarının pozulmasına görə, onun barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, Merceces Benz ML markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə olunan zaman qabağ oturacağında 2 uşağı eyni oturacaqda əyləşdirərək sərnişin daşıma qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş etibarnamənin sürətindən görünür ki, 20.11,2022-ci il tarixli, 1 saylı Gəncə ASAN Xidmət mərkəzində mülkiyyətçi X8 tərəfindən Mercedes Benz ML350 minik markalı avtomobili X4 etibar edilib. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, xx.xx.2021-ci il tarixli, Gəncə RQİ və TBŞ orqanı tərəfindən verilmiş şəhadətnaməyə əsasən, Mercedes Benz ML350 minik markalı nəqliyyat vasitəsinin sahibi X5r. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1- ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2- ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3- ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə isə şikayətin həmin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 12 yanvar tarixli Q1-001-12 nömrəli qərarı ilə təsdiq olunmuş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda dəyişikliklər edilməsi barədə” qərarın 1.2-ci bəndinə əsasən aşağıdakı məzmunda 2.10 və 2.11 -ci bəndlər əlavə edilsin: “2.10. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları vasitəsilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə operator nəqliyyat vasitəsinin iki qayda pozuntusunu və bir dövlət qeydiyyat nişanını əks etdirən fotoşəklini çəkir, DİN BDYPİ-nin X3 avtomobilin sahibi haqqında məlumatlar əsasında xüsusi formalı blank doldurur (Təlimata 16 nömrəli əlavə). Blankda eyni zamanda pozuntunun aşkarlanmasında istifadə edilmiş nəzarət kamerasının nömrəsi, xətanın mahiyyəti, törədildiyi ərazi, tarix və saat, habelə nəqliyyat vasitəsinin sahibi barədə məlumatlar qeyd olunur.”. Təqdim olunmuş fotoşəkildən görünür ki, inzibati xətanı aşkar edən kameranın nömrəsi – 481ECC0A28108458; Xətanın növü – 327.2; Xətanın yeri – Bakı Qazax yolunun 342km saat 14:15; Tarix – xx.xx.2025; Saat – 14:19:34. “2.11 Blank doldurulduqdan sonra “Yol hərəkəti qayda pozuntularının qeydiyyatı kitabf’nda (Təlimata 17 nömrəli əlavə) sıra ardıcıllığı üzrə qeydiyyata alınır”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatlar» müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Maddənin tələbindən də göründüyü kimi İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353 1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Bu hissədə məhkəmə qeyd edir ki, törədilmiş inzibati xəta DİN-nin “Təhlükəsiz şəhər” müşahidə kameraları vasitəsi ilə aşkar edilərək, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilərək şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Şikayət vermiş şəxsin şikayətində qeyd etdiklərinə cavab olaraq məhkəmə qeyd edir ki, İXM-də inzibati xətaların yalnız xüsusi texniki vasitələrlə qeydə alınması nəzərdə tutulmamışdır. Belə ki, İXM-nin 99.1.1, 99.1.2 və 99.1.3-cü maddələrində qeyd edilən hallar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər kimi göstərildiyindən mühahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2025- ci il tarixli EQ 26369339 nömrəli elektron qərar İXM-nin müddəalarına uyğun tərtib edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, X2 şikayətində qeyd etdiyi halları məsuliyyətdən yayınmaq üçün gətirdiyi dəlillər hesab edir. X9 məhkəmədə verdiyi ifadəsində avtomobilin onun tərəfindən idarə edilmədiyini bildirsə də, hazırda həmin halı mübahisələndirmir. Qanunvericiliyin tələbinə görə o, uşaqlar üçün nəzərdə tutlmuş oturacağı avtomobilə quraşdırdığı halda uşaqların sayına məhdudiyyət qoyulmadan istədiyi sayda uşağı ön oturacaqda əyləşdirə biləcəyini demişdir. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 26369339 nömrəli qərardan görünür ki, Mercedes Benz ML markalı **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edilən zaman qabaq oturacağında 2 uşağı eyni oturacaqda əyləşdirərək sərnişin daşıma qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X6 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26369339 nömrəli inzibati tənbeh vermə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26369339 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar