Məhkəmə qərarları › İş №3(125)-211/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-211/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-211/2023 26.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin Gəncə çəhər 4-cü polis bölməsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş X2 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi və 0.21 qram qurudulmuş marixuana əldə edərək üzərində saxladığı üçün onun barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, o, narkotik vasitə olan marixuanadan ara-sıra istifadə edir. Hazırda onun 18 yaşı olduğu üçün SHXDÇX-nin Gədəbəy rayon şöbəsindən çağırışçı kimi N saylı hərbi hissəyə çağırılmışdır. xx.xx.2022-ci il tarixdə onu N saylı hərbi hissəyə gətirərək təhvil verən zaman hərbi hissənin nəzarət buraxılış məntəqəsində onun üzərini axtarmışlar, axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın cibində olan “Sobranie” markalı siqaret qutusunun içərisindən 1 ədəd bükümdə olan narkotik vasitə marixuana aşkar edilmişdir. Bundan başa o, hərbi hissəyə getdiyi gündən N gün qabaq tanışları ilə birlikdə qonaqlıq edərkən marixuana istifadə etmişdir. Sonda o, əməlindən peşman olduğunu, hərbi xidmətə gedəcəyini, bir daha narkotik vasitə istifadə etməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 26 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu Alnabat kəndində qeydiyyatda lmaqla hazırda Şəmkir rayonu Posanlı qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsindən çağırılmış çağırış kimi Gəncə şəhərində yerləşən N saylı hərbi hissənin nəzarət buraxılış məntəqəsində yoxlanılaraq hərbi hissəyə buraxılan zaman əynində olan qara rəngli cins şalvarın cibində olan 1 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 1 ədəd sellofan və kağıza bükülmüş halda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilərək narkoloji-tibbi yoxlamadan keçirilmiş, xx.xx.2023-cü il tarixdə Kəpəz RPİ-nə saxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 126 nömrəli ekspert rəyində Şəxs narkotik vasitələrdən istifadə etməsi, narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məburi müalicəyə ehtiyacı olması və narkoloji kabinetdə qeydiyyata alnması məsləhət görülmüşdür. Şəxs üzərindən aşkar olunaraq götürülmüş qurudulmuş marixuananın təmiz çəkisi 0.21 qram olduğu üçün cinayət məsuliyyətini istisna etdiyindən, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması əməldə tərkib əsası olmaması əsasına görə rədd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 26 yanvar 2023-cü il tarixli 126 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 206-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs narkotik vasitəni əldə edərək üzərində saxlaması və istifadə etməsi, beləliklə İXM-in 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün eiraf edici izahatı, iş materiallarındakı ekspert rəyi və digər sübutlarla tam şəkildə sübuta yetirilir. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla belə Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə 20:00-da tutulmuşdur. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərminin yuxarı həddi, 400 manatın dörddə üçü həddində, yəni 300 manat məbləğində cərimə edilməli və məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar