Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2114/2023 15.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Daşkəsən rayonu, Quşçu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Şahsevənlər küçəsi, Humanitar kollecin yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. xx.xx.1985-ci il Daşkəsən rayon, Quşçu kəndində anadan olmuş, AR-nın vətəndaşı, evli, Gəncə şəhəri, Şahsevənlər küçəsi, Humanitar Kollecin yataqxanasında yaşayan Şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 3(044)-346/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İXM-nin 535.1-ci maddəsinin tələbini pozduğuna görə 200 manat inzibati cərimə olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmuş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Bu günə borc 200 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək borclu Şəxsnın inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, hazırda borcunu ödəmək üçün maddi imkanı yoxdur. İmkanı olanda borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında icraat xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu və zərərçəkmiş şəxsi dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, düzgün olaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 3(044)-346/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs İXM-nin 535.1-ci maddəsinin tələbini pozduğuna görə 200 manat inzibati cərimə olunmuşdur. 01 iyun 2023-cü il tarixli “borclunun məcburi gətirilməsi haqqında” Qərardan görünür ki, Şəxs icra prosesindən yayındığı üçün barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 21 aprel 2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş borcluya təqdim edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmədə Şəxsnın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs hazırki icra işi üzrə barəsində ilk dəfə inzibati protokol tərtib edilməsini nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 145.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə Məcəllənin 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Qanunvericiliyin göstərilən müddəasını əsas götürərək məhkəmə eyni zamanda, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 3(044)-346/2021 nömrəli icra vərəqinin icrasına xitam verməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 180 (yüz səksən saat) müddətinə ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 3(044)- 346/2021 nömrəli icra vərəqinin icrasına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2114/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2114/2023
15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver