Məhkəmə qərarları › İş №3(125)-2115/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2115/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2115/2025 07.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Dəmir oğlu, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər BPİ-nin X7 Şöbəsi YPX-nin inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə, məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər BPİ-nin X7 Şöbəsi YPX-nin inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş 11 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İnzibati xəta haqqında mаteriаlı аrаşdırаrkən müəyyən оlundu ki, protokol məhkəməyə natamam şəkildə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən olunur ki, protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə görə: Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolda isə barəsində iznibati xəta haqqında protokol tərtib edilmiş şəxs tərəfindən İXM-nin 342.9-cu maddəsinin dispozisyasında göstərilən məhz hansı hərəkətin edilməsi qeyd edilməmişdir. Belə olan halda isə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması və obyektiv nəticəyə gəlinməsi qeyri-mümkündür. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Hazırda isə protokol və ona əlavə edilmiş sənədlərdə inzibati xətanın törədildiyi yer göstərilmədiyindən, işin ərazi üzrə məhkəmə aidiyyətini müəyyən etmək olmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə mahiyyəti üzrə baxılması və obyektiv nəticəyə gəlinməsi yetərli olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib olunmuş 11 iyun 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə şəhəri Baş Polis İdarəsinin X7 Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar