Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2156/2024 01.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, qərardan şikayət vermiş şəxsin nümayəndəsi X6, qərarından şikayət verilmiş orqanın nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 23 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 23 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində 5000 (beş min) manat miqdarında cərimə edilmişdir. Qərarda göstərilir ki, guya onun göstərişi ilə İdarənin həyətində olan 5 ədəd çəkil cinsindən olan ağaclar köçürülmüş və əncir ağacı məhv edilmişdir. Bildirir ki, qeyd edilən ağacların ətrafa çıxmış budaqları kəsilərək ağacların cavanlaşdırılması üçün bu hərəkətlər edilmişdir. Yabanı halda bitmiş əncir ağacı isə binanın divarına bitişik olduğundan bina uçurularkən həmin ağac məhv olmuşdur. Bu ağaclar heç bir yerdə qeydiyyatda yoxdur. Barəsində tərtib edilmiş qərarın heç bir hüquqi əsası olmadığını bildirərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi X11 şikayətin məzmununa uyğun ifadə verərək bildirmişdir ki, faktla bağlı əvvəlcədən bələdiyyəyə rəsmi müraciət edilmiş və ağacların budanmasına icazə alınmışdır. Sonda isə, təbiətə vurulan ziyana görə 360 (üç yüz altmış) manat cəriməni ödəməyə hazır olduğunu və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi X4 şikayətlə razı olmayaraq tərtib edilmiş qərarı qanuni hesab edərək, qərarın ləğv olunması üçün heç bir əsas olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarına əlavə edilmiş: - 23 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X9 tərəfindən müvafiq ekoloji rəy olmadan X8 İdarəsinin həyətində 5 ədəd -18 sm, 26 sm, 35 sm, 42 sm, 60 sm olan çəkil cinsli ağacların köçürülməsi, 1 ədəd d=20 sm olan əncir ağacının məhv edilməsi və 3 ədəd çəkil, 5 ədəd ərik ağacının və 1 ədəd birgöz kolunu zədələyərək Azərbaycan Respublikası İXM-in 253- 1.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat miqdarında cərimə edilmişdir. - təqdim edilmiş foto görüntülərdən aydın görünür ki, X8 İdarəsinin həyətinə baxış keçirilməsi zamanı ağacların kəsimi aşkar edilmişdir. - Aparılan heasabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən X8 İdarəsinin həyətində 1 ədəd dm-i 20 sm olan əncir ağacı kök hissədən çıxardılaraq məhv edilməsi nəticəsində təbiətə 360 (üç yüz altmış) manat ziyan dəymişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, yerli icra hakimiyyətinin və ya bələdiyyənin qərarı, yaşıllığın götürülməsi vərəqi olmadan ağacları götürmüş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Həmin Qanunun 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 2.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Göründüyü kimi X9 barəsində törətdiyi xətaya görə qanuni şəkildə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 253-1.2.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan 23 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X9 barəsində 23 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2156/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2156/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver