Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2161/2025 16.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 iştirakı ilə, X2 xx.xx.2025-ci il tarixli, EQ 28988247 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28988247 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Baş DYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28988247 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində və 3 bal cərimə edilmişdir. Sözügedən qərar tamami ilə qanunsuzdur və qəbul edilərkən qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, əksinə olaraq qanunvericiliyi pozmaqla tərtib edilmişdir. Belə ki, həmin qərar xüsusi texniki vasitədən istifadə etməklə tərtib edilməli olduğu halda, polis əməkdaşı tərəfindən fərdi məlumatlara müdaxilə etməklə tərtib edilmişdir. Yəni, kamera arxasında oturan hər hansı polis əməkdaşı (operator) kameradan şəhəri müşahidə edərkən qanun pozuntusunu aşkar etmiş və həmin an ona məxsus avtomobilin şəkilini və dövlət qeydiyyat nömrəsini yaxınlaşdırmaqla bir neçə foto şəkil çəkmişdir. Mülkiyyətində olan avtomobilin təhlükəsiz şəhər kamerası vasitəsi ilə yaxınlaşdırılaraq dövlət qeydiyyat nişanının götürülməsi, fərdi məlumatlara müdaxilədir, belə müdaxilənin olmaması üçün qanunvericilik “xüsusi texniki vasitələr” tətbiq etməklə inzibatı xətanın aşkara çıxarılmasını imperativ şəkildə qeyd etdiyi təqdirdə hazırki qərar xüsusi texniki vasitədən istifadə etməməklə tərtib edilmişdir. Qeyd edir ki, həmin xx.xx.2025-ci il tarixli EQ 28988247 nömrəli inzibati tənbeh vermə haqqında qərarda “inzibati xətanın aşkar edilməsi xüsusi texniki vasitənin məlumatı əsasında” müəyyən edilmişdir kimi ifadə işlənmiş, lakin qərarda xüsusi texniki vasitə barədə heç bir məlumat göstərilməmişdir. Halbuki, İXM-nin 81.3-cü maddəsinin tələbləri baxımından xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməlidir. Bundan başqa İXM-nin 100.1-ci inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmə qaydası göstərilmişdir. Barəsində tərtib edilmiş qərarda isə nəinki xüsusi texniki vasitənin göstəriciləri, hətta xüsusi texniki vasitənin mövcudluğu barədə heç bir məlumat yoxdur. Sözügedən xx.xx.2025-ci il tarixli EQ 28988247 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinə zidd tərtib edilməsinin bir başqa sübutu da həmin qərarın Elektron imza ilə təsdiq olunmalı olduğu halda, bu məcburi qaydanın da yerinə yetirilməməsidir. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş Elektron sənədin informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunan sənəd olması şərti mütləqdir. Həmin qərarın əlavə edilmiş surətindən də göründüyü kimi elektron imza ilə imzalanmamışdır. Qeyd edir ki, ona məxsus avtomobilin xüsusi texniki vasitə ilə yox, kamera vasitəsi ilə yaxınlaşdırılaraq çəkilməsi qanunsuz sübut əldə etmədir və fərdi məlumatlara müdaxilə hesab edilir. Bundan başqa işin xüsusi ilə mühüm əhəmiyyətli digər bir halı da, ondan ibarətdir ki, qərarda əsk istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozma halı, göstərilsədə İXM-nin 327.4-cü maddəsində qeyd edilir ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmək qeyd edilmişdir. Burdan da belə nəticəyə gəlinir ki, avtomobilin təkərlərinin və yarı qabaritinin üfüqi xətti ayaqlaması inzibati xəta tərkibi yaratmamaqdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş Gəncə şəhər DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28988247 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 28988247 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, X3 həmin tarixdə saat 14:57:07 radələrində Gəncə şəhər, İ.Qayıbov küçəsi 18:59:50 “Kia Sportage” minik markalı, **-NT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş və Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi ilə bağlı onun barəsində 100 (yüz) manat cərimə növün inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Çünki X1 inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 28988247 saylı inzibati tənbeh vermə haqqında qərarda onun inzibati xəta törətməsi məlum olmur. Həmçinin şikayətçi Q.M.Məmmədovun inzibati xəta törətməsini qeydə almış xüsusi texniki vasitənin göstəriciləri və görüntüləri, habelə digər sübutları məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi göstərilmiş, həmin maddəsinin tövsifedici əlaməti Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə hərəkət etməkdən ibarətdir. Məhkəmənin sorğusuna əsasən inzibai xətanın baş verdiyini əks etdirən foto və video görüntülər, həmçinin sənədlər tələb edilsə də, məhkəmənin sorğusuna cavab verilməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi X2 inzibati xəta hadisəsi törətməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, bununla da X3 tərəfindən hansı inzibatı xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. İşin xüsusi ilə mühum əhəmiyyətli halı ondan ibarətdir ki, Azərbaycan Respublikası İnzibat İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi başlanılmış inzibati icraata xitam vermənin əsaslarını sadalayarkən inzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrinin zəruriliyini tələb etmiş, inzibati xəta xüsusi texniki vasitənin köməkliyi olmadan qeydə alındıqda isə ona xitam vermənin əsaslarını özündə ehtiva etmişdir. xx.xx.2025-ci il tarixi EQ 28988247 saylı qərara nəzər yetirildikdə isə qərarda inzibatı xətanın xüsusi texniki vasitənin köməkliyi ilə müəyyən edildiyi qeyd edilsə də həmin xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM- in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati əta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixi EQ 28988247 saylı inzibati tənbeh vermə haqqında qərar leğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28988247 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-2161/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2161/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver