Məhkəmə qərarları › İş №3(125)-2167/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2167/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2167/2023 19.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 334-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin DYPŞdən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər DYPŞ YHN baş inspektoru polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 334-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 07:30-da “Chevrolet Aveo” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.1, 332.2 və 334-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər DYPŞ YHN baş inspektoru polis kapitanı X3 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 07:30 radələrində sürücülük hüququ olmadan, narkotik vasitənin təsiri altında idarə etdiyi “Chevrolet Aveo” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarə etməni itirərək yolun sağ hissəsində dayanmış “X4 Prado” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən çırpılaraq həmin avtomobilin sahibinə maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. O, rəsmi olaraq heç bir yerdə işləmir, lakin dolanşıq məqsədi ilə “Chevrolet Aveo” markalı avtomobillə Bakı-Qazax marşrutu ilə sərnişin daşıma ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində azyaşlı oğlu X2 və iki nəfər tanımadığı sərnişinlə Bakı şəhərindən çıxıb Qazax rayonuna gedirmiş. Saat təxminən 07 radələrində artıq Gəncə şəhərinə Yevlax avtovağzalı istiqamətinə çatdıqda YPX əməkdaşları tərəfindən saxlanılaraq sənədləri yoxlanılmış və sürücülük hüququnun olmaması məlum olmuşdur. YPX əməkdaşları tərəfindən avtomobili cərimə meydançasına aparılması tələb edilmiş, o, sərnişinləri avtomobildən düşürdükdən sonra DYP avtomobilinin arxasınca getmişdir. “20 Yanvar” abidəsinə çatmağa bir qədər qalmış, o, fikirli olduğuna görə idarə etməni itirmiş və yolun sağ kənarında dayanmış qara rəngli “Toyaota Prado” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindən çırpılmışdır. Toqquşma nəticəsində özü və övladı xəsarət almış, övladını Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmış və orada uşağa tibbi yardım göstərilmişdir. Özü isə polis əməkdaşları ilə birlikdə gedərək sərxoşluq müayinəsindən keçmiş və narkotik vasitəsi qəbul etdiyi məlum olmuşdur. Təxminən 3 gün bundan qabaq o, Bakı şəhərində toyda olan zaman marixuanadan istifadə etmişdir. Sonda o, əməlindən peşman olduğunu, dəymiş ziyanı sığorta şirkəti ödəyəcəyini, qalan ziyanı özü ödəyəcəyini bildirərək ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Dəyirman dairəsi istiqamətində yolun kənarında “X4 Prado” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə telefonla danışan zaman qəflətən arxa tərəfdən “Chevrolet Aveo” markalı avtomobil onun avtomobilini vurmuşdur. Həmin vaxt o, xəsarət almamışdır. Hadisə yerinə YPX əməkdaşları gəlmiş və onları müayinəyə aparmışlar, müayinə nəticəsində onun ayıq vəziyyətə olduğu məlum olmudur. Hadisə nəticəsində onun avtomobilinə 5800 manat maddi ziyan dəymiş, Şəxs icbari sığortası 5000 manat qədər dəymiş ziyanı ödəyəcək, qalan ziyanı Vaqif ödəyəcəyini bildirmişdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarına əlavə edilmiş: - Gəncə şəhər BPİ-nin DYPŞ tərəfindən verilmiş arayışdan görünür ki, DİN Mərkəzi məlumat bazasında Şəxs məxsus AC 416289 “B” dərəcəli sürücülük vəsiqəsinin xx.xx.2023-cü il tarixdən 6 (altı) ay müddətə məhrum edildiyi aşkar edilmişdir. - xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan məlum olur ki, cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 334-1.3-cü maddəsinin tərkibi olduğundan inzibati icraat açılması üçün qərar Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. - xx.xx.2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Şəxs sidiyində narkotik vasitə “OPİ” aşkar edilmişdir. - xx.xx.2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Zərərçəkmiş şəxs ayıq olduğu aşkar edilmişdir. - Qüsur aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus “X4 Prado” markalı avtomobilə 5800 (beş min səkkiz yüz) manat zərər dəymişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikası İXM-in 327.1, 332.2 və 334-1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İXM-in 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxdığından, məhkəmə yalnız Azərbaycan Respublikası İXM-in 334-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.” Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edərək inzibati xəta törətməsi, özünün etirafedici izahatı və zərrəçəkmiş şəxsin izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir və onun törətdiyi əməl həmin maddə ilə düzgün tövsif olunmuşdur. Buna görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 334-1.1-ci nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyət yaradır. Həmin Məcəllənin 334-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – min manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin Azərbaycan Respublikası İXM-in: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 334-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə və Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar