Məhkəmə qərarları › İş №3(125)-2168/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2168/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2168/2023 19.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 01 avqust 1983-cü il tarixdə Daşkəsən rayonunun Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yerləşən yataqxanada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 19 sentyabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Goranboy Rayon Məhkəməsinin 2(045)-4014/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs qızına ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunma barədə xəbərdarlıq göndərilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən yayınır. Şəxs aliment borcu 5052 (beş min əlli iki) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru X3 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək bildirdi ki, borclu Şəxs hazırda Gəncə Şəhər İcra Hakimiyyətində işləyir və 320 manat əməkhaqqı alır. Onun əməkhaqqısının 70 faizinə hazırki icra vərəqəsi üzrə tutma yönəldilmişdir. Aylıq 224 manat onun əməkhaqqısından tutulur. Lakin zərərçəkmiş şəxs çoxsaylı ərizələrlə müraciət edərək aliment borcunun tam ödənilməsini tələb edir. Barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, maddi problemlərlə bağlı borcunu ödəyə bilməmişdir. Lakin son 7 ay ərzində işə girmiş mütəmadi olaraq əməkhaqqısından tutmalar icra edilərək aliment borcunun icrasina yönəldilmişdir. O, icra vərəqəsini qərəzli olaraq icra etməkdən yayınmır. Borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Goranboy Rayon Məhkəməsinin 2(045)-4014/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2017-ci il tarixdən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 90 (doxsan) manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs qızına ödənilməsi qət edilmişdir. 19 sentyabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 08 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin 07 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Şəxs Gəncə şəhər Mərkəzi-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyir, 325 manat əməkhaqqısından 70 faizi tutmaya yönəldilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 06 sentyabr 2017-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş, “inzibati məsuliyyətə cəlb olunma barədə” Xəbərdarlıq borcluya təqdim edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsindən icraat aparılan şəxsin əməkhaqqısından hər ay aylıq ödənişindən 44 manat çox tutma həyata keçirilir. Belə olan halda onun qalan aliment borcu da hər ay azalır. Ona görə də onun əməlində icra vərəqinin icrasında qərəzli yayınma halı mövcud deyildir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar