Məhkəmə qərarları › İş №3(125)-218/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-218/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-218/2024 12.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, iş üzrə şahidlər – X1, X2 və X6 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin sahə rəisi, polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xırda xuliqanlıq etmiş və nəticədə Azərbayan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokolu tərtib etmiş şəxs X7 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə Regional 1 saylı ASAN xidmət mərkəzində səs-küy salaraq ictimai qaydanı pozmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, 12 01.2024-cü il tarixdə elektrik təminatı ilə bağlı Gəncə Regional 1 saylı ASAN xidmət mərkəzinə müraciət etmiş və hüquqlarının pozulduğuna görə ucadan danışdığını etiraf etmişdir. Sonda o, Qarabağ müharibəsi iştirakçısı olduğunu nəzərə alınmasını və barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən 1 saylı ASAN xidmətin mühafizə xidmətinin əməkdaşı X8 ASAN xidmət mərkəzində xidmət apararkən Şəxs səs-küy saldığını görmüş və onu sakitliyə riayət etməsini xahiş etmişdir. Lakin Şəxs onun əmrinə tabe olmayaraq təhqir etməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən 1 saylı ASAN xidmətin mühafizə xidmətinin digər əməkdaşları da X6 ifadəsinə uyğun eyni məzmunda ifadə verdilər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 510-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 5 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar