Məhkəmə qərarları › İş №3(125)-2187/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2187/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2187/2023 10.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs “X7” MMC-nin nümayəndəsi, MMC-nin direktoru X1 iştirakı ilə “X7” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən «X7» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 06 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmin protokoldan görünür ki, ünvan 1 ünvanında “X7” MMC-ə məxsus klinikada 6 sentyabr 2023-cü il tarixdə saat 12:05-də planlı yoxlama keçirilərkən sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkarlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X7” MMC-nin direktoru X2 izahat verərək göstərdi ki, vaxtilə mərhum əri ilə birlikdə praktiki tibbi fəaliyyətlə məşğul olaraq, “X7”ni açmışlar. Onun özü tibb mərkəzinin direktorudur. Ərinin vəfatına qədər tibb mərkəzində bir sıra tibb işçiləri çalışsa da, əri vəfat etdikdən sonra tibb mərkəzinin bütün həkim kollektivi ilə əmək münasibətlərinə xitam vermişdir. Hazırda Mərkəzdə heç bir həkim çalışmır. Yalnız özü direktor kimi fəaliyyətini sənəd üzərində davam etdirir. Bugünki günə Tibb Mərkəzində heç bir tiibi-müalicə fəaliyyəti həyata keçirilmir. Bir müddət özü Ultrasəs Müayinəsi fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiyadan keçmək məqsədilə dəfələrlə Səhiyyə Nazirliyinin müvafiq qurumuna müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır. Sertifikatı olmadığına və sertifikatı olan tibb işçisi hazırda tibb mərkəzində işə cəlb edilmədiyinə görə tibb mərkəzində USM fəaliyyəti həyata keçirilə bilmir. Məhkəmədən MMC-nin barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə baxılmasını mümkün hesab etmişdi. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: 6 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında “X7” MMC-ə məxsus klinikada 6 sentyabr 2023-cü il tarixdə saat 12:05-də planlı yoxlama keçirilərkən sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkarlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 6 sentyabr 2023-cü il tarixli X5 Planlı (Növbəti) Yoxlamanın 609 nömrəli aktından görünür ki, qarşıya qoyulmuş suallar üzrə aparılmış yoxlama nəticəsində X6 subyekti tabeliyində çalışan tibb mütəxəssisinin sertifikasiyaya cəlb etməməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 21 avqust 2023-cü il tarixli, 1007 nömrəli qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən “X7” MMC-də (VÖEN-i **********) xx.xx.2023-cü il -xx.xx.2023-cü il tarixlərdə planlı (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. 1 sentyabr 2023-cü il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterinin çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən “X7” MMC-də (VÖEN-i **********) xx.xx.2023-cü il -xx.xx.2023-cü il tarixlərdə planlı (növbəti) yoxlama reyestr qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixli X3 edilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, X2 əmək müqaviləsi üzrə direktor vəzifəsini tutur. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X7” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında “X7” MMC-ə məxsus klinikada 6 sentyabr 2023-cü il tarixdə saat 12:05-də planlı yoxlama keçirilərkən sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkarlanmışdır, bununla da, “X7” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas MMC-də sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, protokolda sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı qeyd edilsə də, məhz hansı tibb işçisinin bu fəaliyyətə cəlb edilməsi əks edilməmişdir. Sevil İbrahimovanın inzibati xəta haqqında protokolda imzası və inzibati xəta materiallarında izahatı və imzaları olsa da, xx.xx.2023-cü il tarixli X3 edilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən X1 əmək müqaviləsi üzrə direktor vəzifəsini tutması müəyyən edilmişdir. X2 MMC-nin direktoru olduğundan, onun sertifikasiyadan keçməsi zərurəti yaranmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol tərtib edilərkən X1 USM işi ilə birbaşa praktik fəaliyyət göstərməsinə dair heç bir sübut işə əlavə edilməmişdir. “X6 Haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq sertifikatı olan mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yaradıla bilər və fəaliyyətin hər bir növü üzrə müvafiq sertifikatı olan mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Hazırki işdən isə görünür ki, X2 “X7” MMC-nin direktorudur. Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsinin tərkibini yaradır. Göründüyü kimi X2 “X7” MMC-nin direktoru olduğundan və onun müvafiq sertifikasıyadan keçməsinə zərurət olmadığından, “X7” MMC-nin əməlində inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də “X7” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 215.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X7” MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar