Məhkəmə qərarları › İş №3(125)-2191/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2191/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2191/2023 10.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, X10 katibliyi, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin X2 kargüzarı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 21 sentyabr 2023-cü il tarixdə Gəncə Şəhər Prokurorluğundan vətəndaş X11 tərəfindən edilmiş müraciət əsasında onun hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin X2 kargüzarı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı şöbəsinin kargüzarı vəzifəsində işləyən Şəxs sosial müavinət olan ünvanlı dövlət sosial yardımın müddətinin uzadılması üçün müraciət edən Gəncə şəhəri, Ələkbər Ziyatay küçəsi, ev 12-də yaşayan X1 edilməsi məqsədilə ondan 28 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının adına alınmış “mən tək anayam, bacım X12 1-ci qrup əlildir və ona qulluq edirəm, qızım X13 xəstədir, ağır şəraitli evdə yaşayırıq, dolanışığım yaxşı deyil, ünvanlı dövlət sosial yardım alırdım, lakin xx.xx.2023-cü il tarixdə bitdiyinə görə yenidən sənəd toplamışam və bu sənədlərin VEMTAS proqram teminatına işləməsinin DSMF-nin Gəncə- Daşkəsən Regional filialından tələb etmiş, onlar isə bu sənədi VEMTAS-a işləmək hüquqlarının olmadığını qeyd edib, Sosial ödənişlər Mərkəzi filial olaraq ünvanlı dövlət sosial yardım ilə bağlı topladığım sənədlərin VEMTAS proqram təminatından işlənməsinə kömək edilməsini sizdən xahiş edirəm” məzmunlu ərizəni “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1, 7.2-ci və 7.4-cü maddələrinə əsasən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı,müraciətə daxil olma tarixi və qeydiyyat nömrəsi qoymalı və onlara baxılmasını təmin etməli olduğu halda kargüzarlığın aparılması qaydalarını pozaraq həmin müraciəti qeydiyyata almadan aparıb Regional filialın sosial müavinət, taqaüd və kompensasiyaların təyinatı şöbəsinin müdiri vəzifəsində işləyən X14 iş otağın vermiş, sonuncu isə həmin ərizənin qeydiyyata alınmamasından istifadə edərək ərizəni iş otağında saxlayaraq həmin müraciətə baxmamış, aidiyyəti üzrə göndərilməli olduğu halda bunu etməmiş və müraciətin nəticəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciət müəllifini məlumatlandırmamışdır. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 kargüzarı vəzifəsində işləyən Şəxs vətəndaş X5 müraciətini «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərina uyğun olaraq qəbul etməməklə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 594-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməllərinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edilmişdir. Buna görə də, toplanmış material üzrə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan Şəxs bildirdi ki, o kargüzar vəzifəsini tutur. Sənədlərin qediyyata salınması vəzifə səlahiyyətlərinə aid deyil. Onun yalnız vəzifə təlimatında qeyd edilən filial direktorunun fəaliyyətinin təşkili ilə bağlı məlumatların qəbul edilməsi, direktor tərəfindən verilən tapşırıqları kollektivin nəzərinə çatdırılması kimi funksiyaları var. Barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 bildirdi ki, 28 iyul 2023-cü il tarixdə saat 15-16 radələri olarmış filiala gələrək pensiya və ünvanlı dövlət sosial yardımın köçüb köçməməsini soruşmuş, ona pensiya və ünvanlı dövlət sosial yardımın köçməsini demişlər.Sevil Hümbətova ona verilən ünvanlı dövlət sosial yardımın müddətinin nə vaxt qurtarmasını soruşduqda, o qarşısında olan komputerdə sistemdə Sevil Hümbətovanın adına baxaraq ona verilən ünvanlı dövlət sosial yardımın 01 avqust 2023-cü il tarixdə bitməsini görərək bu barədə məlumat vermişlər. Sevil Hümbətova da 1-ci qrup əlil olan bacısına baxmasını, qızının xəstə olmasını, ona verilən ünvanlı dövlət sosial yardımın dayandırılmamasını və müddətinin uzaldılmasına kömək edilməsini xahiş etmişdir. Ünvanli dövlət sosial yardımın verilməsi və uzadılması üçün müəyyən edilmiş sənədlərin ümumi siyahısı Sevil Hümbətovaya verilmiş, sonuncu siyahıda toplanacaq sənədlərin sayının çox olmasını görüb X2 müdiri Rafael Məmmədovun iş otağına getmiş, Sevil Hümbətova gedəndən sonra Rəfael Məmmədov onu otağa çağırmış, vətəndaşa kömək etməyi tapşırmışdır. Regional filialın təsərrüfat şöbəsinin müdiri Poladı otağa çağıraraq hər ikisinə Sevil Hümbətovanı göstərib kasıb və xəstə olaraq, 1-ci qrup əlilə baxmasını, sənədləri sistemə vura bilmədiyindən sənədlərini sistemə onların vurmasını xahiş etməsinə görə kömək etmək üçün vətəndaşa ərizə yazdırmalarını tapşırmışdır. Rəfael Məmmədovun otağından çıxandan sonra X16 «mən tək anayam, bacım X12 1-ci qrup əlildir və ona qulluq edirəm, qızım X13 xəstədir, ağır şəraitli evdə yaşayırıq, dolanışığım yaxşı deyil, Ünvanlı dövlət sosial yardım alırdım, lakin xx.xx.2023-cü il tarixdə vaxtı bitdiyinəgörə yenidən sənəd toplamışam və bu sənədlərin VEMTAS proqram təminatına işləməsinin DSMF-nin Gəncə-Daşkəsən Regional filialından tələb etmişəm, onlar isə bu sənədi VEMTAS-a işləmək hüquqlarının olmadığını qeyd edirlər. Sosial ödənişlər üzrə Mərkəzi filial olaraq mən ünvanlı dövlət sosial yardım ilə bağlı topladığım sənədlərin VEMTAS proqram təminatından işlənməsinə kömək edilməsini sizdən xahiş edirəm» məzmunlu ərizə yazdırmış və Sevil Hümbətova ərizəyə imza etmişdir. Polad ərizəni yazdırandan sonra filialın kargüzarı Şəxs vermiş, sonuncu da həmin ərizənin Taleh Məmmədova, yəni ona veriləcəyini demişdir. 29 iyul 2023-cü il tarixdə karguzar Şəxs gətirərək ərizəni ona vermiş, 01 avqust 2023-cü il tarixdə növbəti əmək məzuniyyətinə çıxmış və ərizə iş otağında qalmışdr. Həmin ərizə ilə bağli tərəfindən Sevil Hümbətovaya hər hansı izah və ya cavab məktubu göndərilməmiş, ərizə karguzar Şəxs tərəfindən elektron olaraq qeydiyyata alınmadan ona verildiyindən, o da həmin ərizəni iş otağına qoyaraq ərizəyə görə Sevil Hümbətovaya müraciətinin nəticəsi ilə bağlı məktubla izah və ya cavab verməmişdir.Onun şöbə müdiri olaraq müraciətlərlə bağli vətəndaşa cavab və ya izah məktubu göndərmək səlahiyyəti vardır. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin Gəncə-Daskəsən Reqional filialın etibarnamə üzrə nümayəndəsi X9 bildirdi ki, inzibati xəta haqqında materialda qeyd edilən məsələ Şəxs səlahiyyətlərinə aid deyildir. Ona görə də, inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 19 sentyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərardan görünür ki, hüquqi şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin X3 kargüzar vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM- 594-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iş materiallarının araşdıraraq, məhkəmə iclasında proses iştirakçılarını dinləyərək hesab edir ki, barəsində icraat aparılan vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsi üzrə inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin: -3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. -17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. -84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -594-1.1.1-ci maddəsinə əsasən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin tələbi baxımından, məhkəmə barəsində icraat aparılan vəzifəli şəxs Şəxs vəzifə səlahiyyətlərini yerinə yetirməməsi və lazımınca yerinə yetirməməsi ilə baş vermiş inzibati xəta arasında səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməsini zəruri hesab edir. Buna görə də, məhkəmə araşdırması zamanı barəsində icraat aparılan vəzifəli şəxs Şəxs vəzifə təlimatları əldə edilmiş, həmin sənəddə əks etdirilmiş fəaliyyət istiqamətləri və vəzifə səlahiyyətlərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə hazırki inzibati xətalar arasında səbəbli əlaqənin olub-olmaması məsələsi araşdırılmışdır. İş materiallarına əlavə edilmiş Filialın kargüzarının Vəzifə Təlimatından görünür ki, kargüzarın vətəndaş müraciətlərinə baxılması istiqamətində hər hansı bir funksiyası mövcud deyil. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin X2 kargüzarı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594-1.1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar