Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-220/2024 15.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İcra məmuru- X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında icra məmuru X3 bildirdi ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2-445/2008 saylı xx.xx.2008-ci il tarixli icra sənədinə əsasən tələbkar "xxxx" ASC-nin xeyrinə borclu Şəxs 13848 ABŞ dolları və tələbkar tərəfindən ödənilmiş 19,80 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, eyni zamanda izahatı alınmışdır. Halhazırda borclunun ödənilməmiş 11284 ABŞ dolları borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə, borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görədə borclunun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar “Aqrokredit “QSC-nin nümayəndəsi Ə.Zeynalov izahat verərək Şəxs borcunu tam olaraq ödəmədiyi üçün inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs hazırda 400-600 manat arası əməkhaqqı aldığını, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. Hazırda borcundan 500 manat ödəniş etmiş, qalan borcu isə hissə-hissə ödəyəcəyinə dair söz vermişdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - 12 yanvar 2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2-445/08 saylı xx.xx.2008-ci il tarixli icra sənədinə əsasən tələbkar "xxxx" ASC-nin Gəncə filialının xeyrinə borclu Şəxs 13848 ABŞ dolları borc və 19,80 manat dövlət rüsumu tutulmalıdır. - Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2-445/08 saylı 02 may 2008-ci il tarixli qətnaməsinə əsasən Şəxs 13848 ABŞ dolları borc və 19,80 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin Gəncə filialına ödənilməsi, həmçinin borcun tutulması ipoteka ilə yüklənmiş Şəxs mülkiyyətində olan “Mercedes-Benz C-180” markalı 20 CF 02 qeydiyyat nömrə nişanlı minik avtomaşına yönəldilərərk açıq hərracdan satışa çıxarılması qət edilmişdir. - 23 yanvar 2013-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - 12 yanvar 2024-cü il tarixdə Şəxs icra idarəsində verdiyi izahatdan görünür ki, o, maddi imkanı olmadığından borcunu ödəyə bilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-220/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-220/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver