Məhkəmə qərarları › İş №3(125)-2200/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2200/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2200/2024 24.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə ŞBPİ 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ 1-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12:05 radələrində vətəndaş Şəxs VAZ-2102 markalı **-EP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə qaydanı pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmış və ictimai qaydanı pozduğuna görə nizam-intizama dəvət olunsada qanunsuz hərəkətlərini davam etdiyi üçün polis şöbəsinə gətirilmişdir. Nəticədə Azərbayan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə ŞBPİ 1-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi, polis baş leytenantı X2 çıxışında protokoluna məzmunana uyğun ifadə verərək bildirmişdir ki, Şəxs avtomobili idarə edərkən sərt manevr edərək ictimai qaydanı pozduğuna görə polis əməkdaşları onu ictimai asayişə riayət etməyə dəvət etmişlər. Şəxs öz qanunsuz hərəkətlərinə davam edərək polisin qanuni tələbinə məhəl qoymadığından Gəncə şəhər 1ci Polis Şöbəsinə gətirilərək təhvil verilmişdir. Beləliklə, Nail Abbasov İXM-in 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Həmin gün avtomobilinə əyləşmiş iki sərnişin düşdükdən sonra avtomobili yerindən bərk sürətlə hərəkət etdirdiyindən təkərlər səs çıxarmış və arxadan gələn PPX əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları ona avtoxunliqanlıq etdiyini və avtomobilini duracağa yerləşdirəcəklərini bildirmişlər. Daha sonra o, polis əməkdaşlarına heç bir qayda pozuntusu törətmədiyini bildirərək etiraz etmişdir. Sonda o, yolda hərəkət sıxlığı olduğundan avtomobil axınının dayanmaması üçün avtomobilini yerindən sürətlə hərəkət etdirərək idarə etdiyini nəzərə çatdıraraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə ŞBPİ-nin PPXT-nın polis nəfəri, polis kiçik serjantı X4 çıxışında raportun məzmununa uyğun ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12:05 radələrində xidməti ərazidə olarkən vətəndaşların şikayəti əsasında Şəxs VAZ-2102 markalı **-EP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə maşını yerindən hərəkət etdirərkən ictimai qaydanı, əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaqla cəmiyyətə açıq hörmətsizlik etdiyini məlum olmuşdur. Avtomobilini yerindən sürətlə götürməsi təkərlərdən möhkəm səs çıxmasına səbəb olmuş və polis əməkdaşları ona yaxınlaşaraq etdiyi əməlin qanunsuz olduğunu və bunu etməklə əhalinin dincliyini pozduğunu xəbərdarlıq etmələrinə baxmayaraq özünün haqlı olduğunu və polis qanuni tələbinə məhəl qoymayaraq öz maşına əyləşib uzaqlaşaraq qanunsuz hərəkətlərinə davam etmişdir. Daha sonra hadisə yerinə DYP əməkdaşları gəlmişlər və ona məxsus avtomobili cərimə meydançasına aparılmış, şəxs isə 1-ci Polis şöbəsinə gətirilib təhvil verilmişdir. Məhkəmə iclasında video görüntü təqdim edilmiş və Şəxs tərəfindən törədilən avtoxuliqanlıq əməli təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Gəncə ŞBPİ-nin PPXT-nın polis nəfəri, polis kiçik serjantı X3 çıxışında X4 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.1-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 12:20-də inzibati qaydada tutulmuşdur. Buna görə də həbsetmənin əvvəli həmin tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 7 (yeddi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar