Məhkəmə qərarları › İş №3(125)-2260/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2260/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2260/2025 24.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayətçi X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təqdim etdiyi MN ******* nömrəli qərarla barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati xətaya yol verdiyi əsas gətirilərək, ona qarşı 2000 (iki min) manat məbləğində cərimə tətbiq edilmişdir. Bu qərarla razı deyil, belə ki, o, guya xx.xx.2025-ci il tarixdə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmuşdur. Halbuki, bu tamamilə əsassız və həqiqətə uyğun olmayan bir ittihamdır. O, illərlə dövlət səhiyyə sistemində çalışmış, hazırda da Gəncə şəhərində yerləşən Abbaszadə adına Ailə Sağlamlıq Mərkəzində tibb bacısı kimi fəaliyyət göstərən bir vətəndaşdır. Məqsədi heç zaman qeyri-qanuni gəlir əldə etmək olmayıb, heç zaman lisenziyasız fəaliyyət göstərməmiş və belə bir niyyəti də olmamışdır. Qərarda qeyd olunan hadisə isə tamamilə fərqli məzmun daşıyır. Həmin gün Şahid onun evinə gələrək azyaşlı övladının özünü pis hiss etdiyini və ondan məsləhət istədiyini bildirdikdə ona həkimə getməyi məsləhət görmüşdür. O isə müvvəqəti nə edə biləcəyini soruşduqda ona analizsiz reseptsiz apteklərdə satılan ümumi istifadədə olan vasitələrin (Loraben sprey və Qenferon şamı) adlarını qeyd etmiş və onların necə istifadə olunacağını izah etmişdir. Şahid gedəndən 10 dəqiqə sonra qaydıb kağız üzərində Loraben sprey və Qenferon şamın adının yazılmasını xahiş etmişdir. Ən pis məqam isə budur ki, heç bir vəsait tələb etməmiş və etmək fikri də yox idi. Hətta masanın üstünə qoyduqları 10 manat pulu onlar gedəndən sonra görmüş, amma artıq onlar getmişdir. Bu, onun xəbəri və razılığı olmadan baş vermiş və bu onu şər altında qoymaq məqsədi iiə istifadə etmələri isə mənəvi cəhətdən ağır zərbədir. Onun bu hərəkəti professional həkim fəaliyyəti ilə eyniləşdirilə bilməz və “özəl tibbi fəaliyyətlə məşğul olmaq” anlayışına daxil deyildir. Onun məqsədi tibbi məsləhət vermək yox, bir tanışına və qonşusuna insanlıq naminə yardım etmək olmuşdur. Qanunvericiliyə görə, inzibati xətanın baş verməsi üçün şəxs tərəfindən konkret qanun pozuntusu, niyyət və nəticə olmalıdır. Onun fəaliyyəti nə qanun pozuntusu, nə gəlir məqsədli hərəkət, nə də dövlətin icazə tələb etdiyi bir xidmət formasıdır. Əksinə, əgər doğrudan da belə bir narazılıq və iddia varsa, o, Şahid şəxsən məhkəmə iclasında iştirak etməsini istəyir, inanır ki, açıq məhkəmə araşdırmasında əsl həqiqət üzə çıxacaq və ona qarşı irəli sürülən bu əsassız ittihamın bir insanı şərləməkdən başqa bir izahı yoxdur. Əlavə olaraq bildirmək istəyir ki, izahatı prokurorluq tərəfindən qeydə alınarkən sözləri təhrif olunmuşdur. Gəncə şəhər prokror köməkçisi Ramiz adlı (köməkçi) onunla qərəzli rəftar etmiş sanki sifarişli şəkildə ona qarşı qəsdən aid olmayan ifadələrin yer aldığı izahata qol çəkdirmək istəmiş, onun dedikləri düzgün başa düşülməyib və nəticədə protokolda göstərilən ifadələr həqiqəti əks etdirmir. Verilən izahat sənəddə düzgün qeyd olunmadığı üçün onun əsl niyyəti - yalnız insani məqsədlə və heç bir maddi maraq olmadan yardım etmək istədiyi - tamamilə təhrif olunmuş şəkildə qeyd edilmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun ifadə vermiş, əlavə olaraq 42 ildir tibb sahəsində çalışdığını, Gəncə şəhər Abbaszadə adına ASM-də tibb bacısı kimi fəaliyyət göstərdiyini, evində heç bir qeyri-qanuni işlə məşğul olmadığını və Şahid adlı şəxsi tanımadığını bildirmişdir. Həmin gün Şahid evinə gələn zaman qonşusu Şahların adını verərək onun dostunun arvadı olduğunu bildirmiş və israrla qızdırmalı uşağının köməklik etməsini istəmişdir. O, qonşuluq xatirinə kömək etmək istəmiş və uşağa Loraben sprey və Qenferon şamının yaxşı təsir edə biləcəyini demişdir. Daha sonra isə bilmişdir ki, Şahid şikayət etmiş və onun əsasında barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İfadəsinin sonunda təqaüdçü olduğunu, cəriməni ödəyə bilmədiyini qeyd edərək qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasları dəfələrlə təxirə salınmış, lakin nümayəndə məhkəmə iclaslarına gəlməmiş və mötəbər sübutlarını təqdim etməmişdir. Məhkəmə inzibati xəta törədilməsi haqqında işə orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, Gəncə şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarına əsasən X4 xx.xx.2025-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında lisenziyası olmadan özəl tibb fəaliyyəti göstərməsi faktı aşkar edilmişdir. - xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, fiziki şəxs X4 barəsində İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-2260/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şahid məhkəmə iclaslarına gəlmədiyindən onun barəsində məcburi gətirilmə tətbiq edilmişdir. - xx.xx.2025-i il tarixli 3-13-57-3/2-5666/2025 nömrəli Gəncə şəhər BPİ-nin 3-cü polis məktubundan görünür ki, Şahid yaşayış yerini müəyyən etmək mümkün olmadığından onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Qeyd olunan normaya əsasən şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə düşsə də, həmin orqan məhkəməyə X3 İXM-in 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən heç bir sübut (tibbi xidmətin göstərildiyi şəxs (şəxslər) barədə məlumatlar, onların izahatları, qəbz, müqavilə və s.) təqdim etməmişdir. Göründüyü kimi, X4 tibb bacısı kimi kömək məqsədilə Şahid azyaşlı övladına həkimə aparanadək müvvəqəti olaraq ümumi istifadədə olan vasitələrin Loraben sprey və Qenferon şamının adlarını qeyd edərək ilkin tibbi yardım göstərmişdir. Bu hal X3 özəl tibbi fəaliyyətlə məşğul olmasına əsas verə bilməz. Çünki X1 məqsədilə satışı qadağan edilməyən dərmanların adını kağıza yazaraq məsləhət verməsi qanunvericilikdə nəzərdə tutulan özəl tibbi fəaliyyəti deyil, sadəcə şikayətçinin tibbi praktikasından irəli gəlmişdir, buna görə İXM-nin 210.1-ci maddəsində hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qeyd edilən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Gəncə şəhər prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarına əsaslanmış, əlavə olaraq heç bir araşdırma aparılmamış, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görülməmiş, zəruri hallar yoxlanılmamış, araşdırılması zəruri olan xüsusatlar tədqiq edilməmişdır. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən iş üzrə material tələb olunmasına baxmayaraq məhkəməyə iş üçün əhəmiyyətli olan sübutlar təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” Siyahısının 1.1-ci bəndində nəzərdə tutulmuş “Ambulator tibbi xidmət” xidmətlərə aiddir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin məhkəmə iclasında iştirak etməyərək hər hansı mötəbər sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1 və 53.1.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Eyni zamanda məhkəmə iclasında araşdırılan sübutlarla X3 Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmadığından o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin inzibati tənbehin verilməsi haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar