Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-227/2023 27.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Rusiya Federasiyasının, Barnaul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Psixiatriya xəstəxanasında mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 27 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 27 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, 27 yanvar 2023-cü il tarixdə Şəxs Gəncə şəhəri, Nizami prospektində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X2 protokolun məzmununa uyğun çıxış edərək, protokolu DYPŞ-nın əməkdaşının raportu əsasında tərtib etdiyini bildirmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Nizami prospekti ərazisində öz avtonəqliyyat vasitəsini idarə edərkən DYPŞ-nın əməkdaşları tərəfindən saxlanılmış və bu zaman aralarında mübahisə baş vermişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq onu da qeyd etdi ki, həmin protokol tərtib edilərkən DYPŞ-nin əməkdaşını izahat vermək üçün dəvət etmiş, amma o izahat vermək üçün polis şöbəsinə gəlməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə gecə saat 01:30 radələrində 6 nömrəli məktəbdən Yeni Gəncə qəsəbəsi istiqamətində hərəkətdə olan zaman DYPŞ əməkdaşı olan Ceyhun adlı şəxs ona avtomobili saxla əmri vermiş və o da avtomobili saxlamışdır. Bu vaxt DYPŞ-nin əməkdaşı olan Ceyhun adlı şəxs yaxınlaşaraq onun avtomobilinə əyləşmiş və avtomobili cərimə meydançasına sürməsini bildirmişdir. O isə avtomobildə qadın olduğunu bildirmiş, onu düşürdüb sonra cərimə meydançasına gedərik demişdir. Bundan sonra həmin polis əməkdaşı onunla kobud şəkildə danışmışdır. Daha sonra PPX əməkdaşlarını ora çağırmışlar, o isə həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin vaxt o, səs-küy salmadığını, polis əməkdaşlarının ünvanına heç bir nalayiq ifadə işlətmədiyini, ictimai qaydanı pozmadığını, polis əməkdaşlarına heç bir formada müqavimət göstərmədiyini və polisin qanuni tələblərinə sakitcə əməl etdiyini bildirmişdir. Əksinə, DYPŞ-nin əməkdaşının onunla kobud rəftar etdiyini qeyd etmişdir. Əlavə olaraq bildirdi ki, o, 44 günlük “Vətən Müharibəsinin” iştirakçısıdır, “Kəlbəcərin azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o. xx.xx.2023cü il tarixdə saat 01:30 radələrində Şəxs ilə bilikdə onun avtomobili ilə 6 nömrəli məktəbdən Yeni Gəncə qəsəbəsi istiqamətində hərəkətdə olan zaman DYPŞ əməkdaşı Şəxs avtomobilini saxlatmış, yaxınlaşaraq avtomobilə əyləşmiş və ona avtomobili cərimə meydançasına sürməsini bildirmişdir. O isə avtomobildə qadın olduğunu bildirmiş, onu düşürdüb sonra cərimə meydançasına gedərik demişdir. Bundan sonra həmin polis əməkdaşı Şəxs ilə kobud şəkildə danışmışdır. Daha sonra PPX əməkdaşlarını ora çağırmışlar və Şəxs isə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt Şəxs səs-küy salmadığını, polis əməkdaşlarının ünvanına heç bir nalayiq ifadə işlətmədiyini, ictimai qaydanı pozmadığını, polis əməkdaşlarına heç bir formada müqavimət göstərmədiyini və polisin qanuni tələblərinə sakitcə əməl etdiyini bildirmişdir. Əksinə, DYPŞ-nin əməkdaşının onlarla kobud rəftar etdiyini də qeyd etmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına, şahidin ifadəsinə məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və ictimai qaydanı pozmuşdur. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatından və şahidin ifadəsindən görünür ki, Şəxs heç bir şəkildə ictimai qaydanı pozmamış, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, həmin gün Gəncə şəhəri, Nizami prospekti ərazisində Şəxs tərəfindən ictimai qaydanın pozulması və polisin qanuni tələbinə qəsdən tabe olmama halları öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs qeyd edilən yerdə həqiqətən də ictimai qaydanı konkret olaraq hansı hərəkətlər ilə pozması və polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-227/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-227/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver