Məhkəmə qərarları › İş №3(125)-228/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-228/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-228/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ev 6 mənzil 25-də qeydiyyatda olan və Gəncə şəhəri Z.Hacıyev küçəsi ev 26 mənzil 8-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 03 yanvar 2023-cü il tarixdə saat 22 radələrində Şəxs ilə yaşadığı evdə arvadı X5 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və mübahisə zamanı Şəxs arvadı X2 döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 izahat verərək bildirdi ki, Şəxs arvadı X3 dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 30 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 03 yanvar 2023-cü il tarixdə arvadı X5 ilə aralarında yaranan narazılığa görə o, həyat yoldaşına şillə vurmuşdur. Həyat yoldaşı da 102 xidmətinə müraciət etmişdir. O, etdiyi əməldən peşmandır, həyat yoldaşını bir daha incitməyəcəyinə, döyməyəcəyinə söz verir. Onun əməlinə hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxmasını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, o, 2014-cü ildə Şəxs ilə rəsmi ailə qurmuş, ailə qurduqdan sonra Şəxs ilə birlikdə onun valideynlərinin evində yaşamışlar. Əvvəllər münasibətləri yaxşı olmuş, sonra Şəxs spirtli içki qəbul etdiyi üçün ailə daxili mübahisələri yaranmışdır. Şəxs mütəmadi olaraq onu nalayiq ifadələrlə təhqir etdiyi, döydüyü üçün o, məcbur olub iki azyaşlı övladı ilə birlikdə kirayədə yaşamaq qərarına gəlmişdir. 03 yanvar 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə olan zaman Şəxs onun olduğu yerə gəlmiş, onu fahişəliklə məşğul olmaqla günahlandıraraq ona böhtan atmışdır. Bu zaman aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Şəxs əli ilə onun boğaz nahiyəsindən tutaraq boğmuş, sol qol və çiyin nahiyəsinə vuraraq onu döyməklə fiziki ağrılar yetirmişdir. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli MN № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 03 yanvar 2023-cü il tarixdə həyat yoldaşı X2 evdə döymüşdür. Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhər 2-ci PŞ-in İTB-nə göndərilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə inzibati tənbeh təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qadına qarşı şiddətin yolverilməzliyini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Belə olan halda, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinərək bаrəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar