Məhkəmə qərarları › İş №3(125)-228/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-228/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-228/2024 08.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə istifadə etdiyi CHEVROLET CRUZE markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhəri, H.Aslanov küçəsi ilə üzü Rövşən Məmmədov küçəsinin kəsişməsi istiqamətində hərəkət edib, kəsişmədən sola həmin küçəyə döndü və təxminən 15 metr aralıda yol polisi əməkdaşı onu saxlayaraq barəsində hazırda mübahisələndirdiyi İXP ******* nömrəli elektron protokol tərtib etdi. Protokola görə guya o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. O, bu protokolla razılaşmadı və protokolu imzalamadığından həmin protokol əsasında elektron qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. O, bu qeyd olunanlarla razılaşmır və məcbur qalaraq elektron qərardan məhkəməyə şikayət verir. Protokol və qərarla razılaşmamağının əsası odur ki, əvvəla qarşı tərəfin zənn etdiyi kimi ortada onun tərəfindən törədilmiş inzibati xəta varsa onda həmin xətanı harada törətməyi düzgün (ümumiyyətlə) qeyd edilməmişdir. Belə ki, o, Tovuz şəhəri, Həzi Aslanov küçəsi ilə Rövşən Məmmədov küçəsinin kəsişməsində sola döndükdən sonra polis əməkdaşı onu saxlamış və həmin yerdə barəsində elektron protokol tərtib olunmuşdursa, məntiqlə belə izah olunmalıdır ki, protokolun tərtib olunduğu yer Rövşən Məmmədov küçəsidir. Lakin elektron protokolda onun tərtib olunduğu yer Həzi Aslanov küçəsi qeyd edilmiş, elektron qərarda isə xətanın törədildiyi yerin Tovuz şəhəri, Həzi Aslanov küçəsi olduğu göstərilmişdir. Göründüyü kimi hər iki sənəddə bir-birinə zidd olan hallar vardır. Göründüyü kimi qanunvericiliyin tələbinə görə şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunduğu təqdirdə həmin protokolda nə kimi məlumatların düzgün formada qeyd olunması imperativ xarakter daşıyır. Buna baxmayaraq yuxarıda da qeyd etdiyi kimi barəsində tərtib olunan protokol və ya qərarda hadisənin harada baş verməsi düzgün qeyd olunmamışdır. Hesab edir ki, məhkəmə bu kimi məsələlərə özü hüquqi qiymət verəcəkdir. Elektron protokoldan görünür ki, o, iki inzibati xəta - birincisi 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozmuş, ikincisi isə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir. Barəsində tərtib olunan elektron qərarda isə onun İXM-in 327.2-ci maddəsi ilə təqsirli olduğu göstərilmişdir. Əslində o, bu xətaların heç birini törətməmişdir. Əvvəla onu bildirir ki, tərtib olunan elektron qərarın özü qanunsuzdur. Çünki, bir tərəfdən protokolda göstərilmişdir ki, o, eyni anda iki inzibati xəta (İXM-in 327.2 və 327.4) törətmişdir və bu xətaların birincisinə görə 80 manat, ikincisinə görə 150 manat cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi əgər o, eyni anda iki xəta törətmişdirsə və bu xətalarla bağlı işlər eyni orqanın səlahiyyətindədirsə, onda o, daha ciddi xətaya görə (İXM 327.4) məsuliyyətə cəlb edilməlidir. Halbuki elektron qərarda İXM 327.4-cü maddədə göstərilən tövsifedici əlamətlər göstərilməmişdir. O, Fazil Ələkbərov küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsinə yaxınlaşdı, kəsişmədə 4.1.4 “Düzünə və ya sağa hərəkət” yol nişanı olduğundan sağa dönmə əməliyyatı edib hərəkəti davam etdirdi, bir qədər getdikdən sonra qarşıdan geriyə manevr edərək yenidən Həzi Aslanov küçəsi ilə üzü Rövşən Məmmədov küçəsinin kəsiməsinə doğru hərəkət etmişdir. Əgər onun həmin küçədə geriyə dönməsi bir pozuntu sayılırsa bununla da razılaşmaq olmaz. Çünki həmin küçədə yolda 1.1 -1.3 və 1.11 üfüqi nişanlanma xətləri olmadığından onun geriyə manevr etməsi qanunsuz deyildir və nə qədər ki, o, geriyə döndükdən sonra qarşısına 3.1 “Giriş qadağandır” yol nişanı və ya həmin istiqamətdə olan yolun bir tərəfli olmasını göstərən yol nişanı yoxdursa, onda barəsində tərtib olunan protokol və qərar tam əsassızıdır. Buna görə də barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında çıxarılmış xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan qərar üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında çıxarılmış xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, DVD diskə baxış keçirərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-nin 327.2 və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsində qeyd edilir: İ. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. İİ. Onların dairəvi forması, ağ fonu, 3.27—3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər. İİİ. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. İV. 3.2—3.9, 3.34 və 3.35 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan edir. V. Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir: 2) 3.2—3.8 — işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar; 4) 3.2, 3.28—3.30 — Əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə; 5) 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir. Vİ. 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Vİİ. 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə olur. Vİİİ. Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər: 1) 3.16 və 3.26 nişanları üçün — 7.2.1 lövhəciyi tətbiq etməklə; 2) 3.20, 3.22, 3.24 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar; 3) 3.27—3.30 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27—3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. İX. 3.10, 3.27—3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir. Məhkəmə iclasında DVD diskə baxış keçirilən zaman görünür ki, həmin yolda giriş qadağandır (3.1 nişanı) nişanının olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də qeyd edilən hal Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinə əsasən araşdırılmalı və qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Tovuz rayon Polis Şöbəsinin üzərinə qoyulsa da, həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Tovuz rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Tovuz rayon Polis Şöbəsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələri ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Tovuz rayon Polis Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar