Məhkəmə qərarları › İş №3(125)-23/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-23/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-23/2025 22.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X5, şikayət verən şəxs Nümayəndə və vəkili X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X1 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Nümayəndə şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X1 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin regional şöbəsi tərəfindən "xxxx" QSC-nin regional üzrə anbar meneceri Nümayəndə barəsində 05 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarına əsasən, İXMnin 193-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Protokolun yazılması səbəbi "xxxx" QSC-də sifariş toplayıcı vəzifəsində işləyən Şahid1 Gəncə şəhər Prokurorluğuna şikayət etməsi olmuşdur. Qeyd edir ki, Şahid1 şikayətdə "xxxx" QSC-nin regional üzrə anbar meneceri Nümayəndə tərəfindən ona müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə əmək funksiyasına daxil olmayan iş (xidməti) yerinə yetirməyə məcbur etməyə göstərmişdir. Bununla bağlı o, Gəncə şəhər prokurorluğunda izahatlarında qeyd etmişdir ki, Şahid1 qarşı heç bir hədə-qorxu gəlməmiş və daxil olmayan işi yerinə yetirməyə məcbur eləməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Şahid1 Çinqiz qızı "xxxx" QSC ərizə ilə müraciət etmişdir ki, bağlanmış əmək müqaviləsinə xitam verilsin. Həmçinin DƏMX Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən ZOOM platforma vasitəsi ilə araşdırılan zaman, onun tərəfindən hədə-qorxu ilə əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək ilə bağlı sübuta yetirilməmişdir. Həmin görüşdə ancaq Şahid1 Çinqiz qızının izahatları nəzərə alınmışdır. Ümumiyyətlə məcbur etmə hansı formada, nə vaxt, necə və kim tərəfindən aparılması araşdırılmamışdır. Odur ki, mövcud vəziyyətdə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv etməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs Nümayəndə vəkili X7 ifadəsində bildirmişdir ki, Nümayəndə barəsində tərtib olunmuş 05 dekabr 2025-ci il tarixli MN ******* nömrəli qərarda göstərilmiş İXM-nin 193-cü maddəsi ilə razı deyildir. Çünki iş materiallarından görünür ki, ancaq şikayətçinin izahatları əsasında prokurorluq və X3 Xidməti Gəncə- Daşkəsən regional şöbəsi işi tam araşdırmadan Nümayəndə barəsində İXM-nin 193-cü və digər maddələr ilə inzibati tənbeh verilmə barədə qərar qəbul etmişdir. Belə ki, prokurorluqda aparılan araşdırma zamanı Şahid1 Nümayəndə tərəfindən hansı formada hədə-qorxu gəlinməsi müəyyən edilməmişdir. O, bu sualının prokurorluğa və X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin işçilərinə də verdiyini, lakin onların da izah edə bilmədiyini qeyd etmişdir. İfadəsinin sonunda o, Nümayəndə barəsində tərtib olunmuş 05 dekabr 2025-ci il tarixli MN ******* nömrəli qərarda göstərilmiş İXM-nin 193-cü maddəsinin xaric edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə- Daşkəsən regional ərazi şöbəsinin nümayəndəsi X9 çıxışında hədə qorxunun nədən ibarət olunmasına münasibət bildirərək qeyd etmişdir ki, Nümayəndə Şahid1 işdən çıxması ilə bağlı ərizəni yazmasa Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxartmaqla hədələmişdir. Esmira isə əmək kitabçasının ləkələnməsindən ehtiyyat edərək, yəni gələcəkdə işə girməsində problem olmasın deyə məcbur qalıb əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni yazmışdır. Həmçinin ona hədə-qorxu gələrək vəzifəsinə aid olmayan işlərə cəlb olunmuş, hansı ki, təmizlik işləri, anbara gələn malları maşından boşaltmaq, anbara daşımaq və s. kimi işləri görmüşdür. Bütün bu deyilənlər şahidlərin ifadələri ilə təsdiq olunur, çünki prokurorluq orqanına Şahid1 başqa digər şəxslər də, müraciət edərək müəssisənin anbar müdiri X,Qasımov tərəfindən hədə-qorxuya məruz qalmaları barədə izahat vermişlər. İfadəsinin sonunda o, Nümayəndə barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X1 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 çıxışında bildirdi ki, Nümayəndə tərəfindən işdən çıxarılacağı ilə hədələnərək əmək funksiyasına daxil olmayan işləri görmüşdür. O, həmin işləri övladını təkbaşına böyütdüyünə görə və işində problem yaranmasın deyə məcbur olaraq gördüyünü bildirmişdir. Daha sonra Nümayəndə tərəfindən ona hədə qorxu gəlinərək işdən çıxarılması ilə bağlı ərizə yazdırılmış, ərizəni yazmayacağı təqdirdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağı ilə hədələnmiş və başqa yerdə işə girə bilməyəcəyini deyərək onu şantaj etmişdir. O, isə gələcəkdə başqa yerdə işlədikdə problem yaranmasın deyə məcbur qalıb işdən çıxma ilə bağlı ərizəni yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, Şahid1 onun nişanlısıdır. Bir gün müəssisənin rəhbəri Emil müəllim Esmiranın iş yerində oğurluq etdiyini və bununla bağlı video görüntülərin olduğunu ona bildirmiş, halbuki, həmin görüntülərə baxdıqdan onun Esmiranın oğurluq etməsi ilə bağlı videogörüntüdə heç bir sübut olmamışdır. Sonra Emil müəllim ona zəng edərək Esmiranın işdən çıxmasını, əks təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən çıxaracaqlarını bildirmişdir. Bundan sonra o, Esmiranın gələcəkdə işə girməsində problem yaşamasın deyə onu ərizə yazmağa razı salmış və Esmira da ərizə yazmışdır. İş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Nümayəndə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17.1 və 215-ci maddəsinin 5, 7, 8-ci abzasların tələblərini pozduğuna görə İXM-nin 193, 198.1.3, 198.1.5 və 198.1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və İXM-nin 193-cü maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə edilmişdir. - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şahid1 xx.xx.2024-cü il tarixindən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, "xxxx" QSC-də anbar müdiri vəzifəsində işləyən Nümayəndə barəsində İXM-nin 193, 198.1.3, 198.1.5 və 198.1.6-cı maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - xx.xx.2023-cü il tarixli 4344 saylı İnsan Resursları üzrə Baş direktor X4 ilə Şahid1 arasında bağlanmış əmək müqaviləsindən məlum olur ki, Şahid1 əmək funksiyasına daxil olan işlər: dərman vasitələrinin anbara qəbulu və saxlanması; anbara qəbul edilən və anbardan buraxılan malın qoşma faktura sənədlərinə uyğun yığılması; malın anbarda səciyyəvi xüsusiyyətlərinə görə rəflərdə çeşidlənməsi; Anbarda kənar şəxslərin olmamasına nəzarət; anbarda malın hərəkəti haqqında uçotun aparılması; anbarın inventarizasiyası prosesində fəal iştirak etmək; təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət etmək göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında qərarları, iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Nümayəndə barəsində olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X1 xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Nümayəndə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17.1 və 215-ci maddəsinin 5, 7, 8-ci abzasların tələblərini pozduğuna görə İXM-nin 193, 198.1.3, 198.1.5 və 198.1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və İXM-nin 193-cü maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şahid1 Gəncə Şəhər Prokurorluğuna ünvanlandığı şikayət ərizəsinə əsasən vətəndaşın izahatı alınmış və daha sonra isə bununla bağlı əmək müffəttişliyinin əməkdaşları tərəfindən araşdırma aparılmış, araşdırma nəticəsində Nümayəndə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 193, 198.1.3, 198.1.5 və 198.1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 17-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati qərardan şikayət vermiş şəxs Nümayəndə əmək "xxxx" QSC-nin regional üzrə anbar meneceri vəzifəsində çalışır. O, hazırki şikayətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarını mübahisələndirsə də, həmin qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Nümayəndə hazırki şikayətində qeyd etdiyi xüsusatlar onun barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə iclas zalında dindiriliş şahidlərin izahatları ilə də Nümayəndə əməlində olan inzibati hüquq pozuntuları bir daha təsdiq olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Şahid1 "xxxx" QSC-də əmək fəaliyyətinə xitam verilən zaman əmək qanunvericiliyinin normaları gözlənilməmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən qanuni olaraq 05 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 193-cü maddəsinə əsasən Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nümayəndə hazırki şikayətində qeyd etdiyi xüsusatlar onun barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X3 Xidmətinin 05 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan Nümayəndə verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsaslanaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Nümayəndə şikayəti təmin edilməsin. Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsinə əsasən 2000 (iki min) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə- Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar