Məhkəmə qərarları › İş №3(125)-2302/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2302/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2302/2024 08.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, icra məmuru X5, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1986-cı ildə doğulmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-671/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 2 uşağa görə cəmi 120 manat aliment alınaraq Atakişiyeva (Məhərrəmova) Günay Səməd qızına ödənilməlidir. Şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3184/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 1 uşağa görə cəmi 90 manat aliment alınaraq Atakişiyeva (Məhərrəmova) Günay Səməd qızına ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Borclu Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Bu günə iddia olunan borc 6660 manat təşkil edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X7 protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu şəxs Şəxs çıxışında borcu ödəmək üçün maddi imkanının olmadığını və alimenti ödəməkdən boyun qaçırmadığını bildirmişdir. Sonda o, borcu ödəmək üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs çıxışında Şəxs borcu ödəmədiyini qeyd etmişdir. Sonda o, Şəxs vaxt verilməsinə razı olmadığını bildirərək inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-671/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək anaları X2 yanında saxlanılması, Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay bir uşaq üçün 60 (altmış) manat, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub X2 xeyrinə ödənilməsi qət edilmişdir. - xx.xx.2016 və xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərarların surətindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2016 və xx.xx.2018-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişlərdən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Gəncə Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-3184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(044)-671/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs 27 fevral 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar