Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2322/2024 11.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 21956665 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21956665 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində qanunsuz olaraq İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixində DİN BDYPİ-in Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən inzibati xəta haqqında xx.xx.2024cü il tarixli, EQ 21956665 saylı qərar qəbul edilmişdir. O, bu qərarla razı deyil və qərar ləğv edilməlidir. Belə ki, Hyundai İX 35 minik markalı ** EB *** qeydiyyat nömrəli avtomobil onun mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Nizami prospektində avtomobillə hərəkətdə olan zaman yol qismən sola doğru istiqamətə keçdiyi üçün məcbur avtomobillə yoldan çıxmamaq üçün, eyni zamanda qarşısındakı avtomobilə ötmə etmədən qoşa xəttin üzəri ilə çox qısa hərəkətdə olubdur. Nəticədə ona İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat cərimə yazılmışdır. 327.2-ci maddənin məzmunu: Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya "geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə cərimə tətbiq edilməsindən ibarətdir. Elektron kabinetdə yerləşdirilən qərarın məzmunundan görünür ki, həmin maddənin məhz əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə hissəsi ilə ona 80 manat cərimə tətbiq olunmuşdur. o, yol əyildiyi üçün avtomobilin yalnız bir hissəsini xəttin üzərinə çıxarmış olsa da avtomobili tam əks istiqamətli yola çıxarmadan yolun əyilən hissəsində məcburiyyətdən sürmüş, eyni zamanda manevr və ya ötmə əməliyyatı da ümumiyyətlə etməmişdir. Qarşısındakı avtomobilin arxası ilə yola düzələrək sürmüşdür. Qeyd edilənlərə əsasən YPX inspektoru onun barəsində əsassız və qanunsuz protokol tərtib etmişdir. Sonda o, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 21956665 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və şikayətçi X2 məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 21956665 nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. - 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin başverdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ 21956665 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda kameranın nömrəsi qeyd olunsa da, tipi, markası və modeli qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.11-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli EQ 21956665 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli EQ 21956665 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2322/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2322/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver