Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2350/2024 05.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Səmədli Aylin Vurğun qızının katibliyi, protokolu tərtib etmiş şəxslər - Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2, Gəncə şəhər X10 Şöbəsinin polis kiçik serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Gəncə şəhəri, X8 küçəsi, ev 64 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən və Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1 maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 05 iyul 2024-cü il tarixli, MN ******* nömrəli və Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinin polis kiçik serjantı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 05 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 05 iyul 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs narkotik vasitədən istifadə etmişdir və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında 05 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci. 332.1-ci və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibatin xətalar törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X4 inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ-nin polis kiçik serjantı X3 izahatında bildirdi ki xidmətdə olan zaman adı onlara sonradan məlum olan Şəxs tərəfindən idarə olunan “Renault” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Bu zaman Şəxs tərəfindən avtomobilin təhlükəsizlik kəməri olmadan idarə olunmasını, həmçinin etibarnaməsinin olmadığı onlara məlum olmuşdur. Avtomobili duracağa aparacaqlarını bildirdikdə Şəxs onların qanuni göstərişlərinə məhəl qoymamış və tabesizlik göstərmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, uşağın hərarəti olduğu üçün “Renault” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə aptekə dərman almağa gedən zaman polis əməkdaşları onu saxlamışlar. Bu zaman sözügedən avtomobili etibarnamə olmadan idarə etmişdir. Polis əməkdaşları bunu bildikdə ona avtomobili cərimə meydançasına aparacaqlarını demiş və dəstək istəmişlər. Bu zaman əsəbiləşərək dəstəyə ehtiyac olmadığını bildirmiş və polisin qanuni göstərişlərinə tabe olmamış, o cümlədən polis əməkdaşlarının ona qarşı tutduqları iradlara məhəl qoymamışdır. Protokol ilə razı olmadığı üçün də inzibati protokolu və inzibati materialları imzalamaqdan və izahat verməkdən imtina etmişdir. Həmçinin avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir. Belə ki, Bakı şəhərində toyda olan zaman siqaret istəmiş lakin daha sonra ona məlum olmuşdur ki, siqaret deyil marixuana çəkmişdir. Narkotik vasitədən heç vaxt istifadə etməmişdir. Lakin, birinci dəfə başına belə hadisə gəlmişdir. Əməlindən peşimandır. Odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı X6 izahatında bildirdi ki “Renault” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəxs təhlükəsizlik kəməri olmadan idarə etdiyi üçün saxlamışlar. Həmçinin yoxlama zamanı məlum olmuşdur ki sürücü Şəxs avtomobili etibarnamə olmadan idarə edir. Bu faktı Şəxs özü də etiraf etmişdir. Qanunun tələblərinə uyğun olaraq avtomobili duracağa aparacaqlarını bildirdikdə Şəxs onların qanuni göstərişlərinə tabe olmamışdır. Şəxs nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə məhəl qoymamışdır. İş materiallarına əlavə edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206 535 332.1 və 333-1.1-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati icraat açılması məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhəri 1-ci PŞ-nin İTB-nə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli, 1158 nömrəli rəydən görünür ki, narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomiya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki Şəxs barəsində MN ******* nömrəli inzibati protokolu izahat verməkdən və inzibati materialları imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs olunur. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206, 535.1 və 333-1.1-ci maddələri ilə inzibati qaydada tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar və işdə olan digər sübutlarla, tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 206, 535.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-nin 206, 535.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin Məcəllənin daha ciddi xəta hesab edilən 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1 və 333-1.1-ci maddələri ilə tövsif edilmişdir, lakin İXM-in 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, törətmiş olduğu xətaların xarakterini, həmçinin inzibati xətaların törədilmə şəraitini və üsulunu, o cümlədən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Beləliklə, şəxsin narkotik vasitə qəbul etməsi faktı özü-özlüyündə cəmiyyət tərəfindən pislənən davranış olmaqla yanaşı hüquq pozuntusu kimi inzibati məsuliyyətə səbəb olan inzibati xəta hesab olunur. Bununla yanaşı, şəxsin narkotik vasitə qəbul etməsi azmış kimi avtomobil idarə etməsi onun özü, ailəsi və cəmiyyət qarşısında sosial məsuliyyət hissinin olmaması kimi qiymətləndirilməlidir. Bu səbəbdən də Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Həmçinin, məhkəmə Şəxs səmimi etirafını və əməlindən peşman olmasını ona inzibati həbs növündə tənbeh tədbirinin müddətini müəyyən edərkən nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 05 iyul 2024-cü il tarixdən saat 18:20-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1 və 333- 1.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 206-cı maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 05 iyul 2024-cü il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-2350/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2350/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver