Məhkəmə qərarları › İş №3(125)-2357/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2357/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2357/2024 08.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsinin polis sahə rəisi polis kapitanı X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri Bayraq meydanında yerləşən “Balık ekmek” köşkündən 72 ədəd hər biri 1,20 (bir manat iyirmi qəpik) manat olan “Full” içkilərini oğurlamış və nəticədə Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri Bayraq meydanında yerləşən “Balık ekmek” ticarət köşkünü işlədən türk vətəndaşına məxsus klyokda enerji içkilərini oğurlamış və nəticədə İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxs bəzi içkilərin çatışmadığını və Şəxs barəsində şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs çıxışında bildirmişdir ki, iki ilə yaxındırki Bayraq meydanında avto dayanacaq nəzarətçisi işləyir. O, hadisə vaxtı sərxoş olmuş, türk vətəndaşına məxsus enerji içkilərini oğurlayıb taksiyə qoymuş daha sonra isə əməlindən peşman olduğundan içkiləri geri qaytarmışdır. Sonda barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 08 iyul 2024-cü tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qeyd olunan əməli törətmiş Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 4-cü PB-nə göndərilmiş, vətəndaşın müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - 07 iyul 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. - Şəxs məhkumluğu barədə portaldan çıxarışdan görünür ki, o, Xanlar Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 192.1, 220.1,38-ci maddələri ilə 01 il 06 ay, Nəsimi Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.2, 192.1, 38-ci maddələri ilə 05 il, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il 06 ay, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 7 il 6 ay, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama, yəni oğurlama yolu ilə özgəsinin əmlakının talamasının Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı, inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-in 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. - 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və ona 1 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 00:30 dəqiqədən hesablansın və qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar