Məhkəmə qərarları › İş №3(125)-24/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-24/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-24/2023 11.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Şah dönər manqal” adlı obyektinin icarədarı Şəxs 12 dekabr 2022-ci il tarixdə saat 11:00 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirməməsi nəticəsində onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “Şah dönər manqal” adlı obyektinin icarədarı Şəxs 12 dekabr 2022-ci il tarixdə saat 11:00 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirməmişdir. Bu əmələ görə “Şah dönər manqal” tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN № ******* saylı, 12 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İşdə olan 12 dekabr 2022-ci il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, Şəxs açıq məkanda reklam haqqında qanunvericiliyin pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İşdə olan ADRA X3 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 12 dekabr 2022ci il tarixli, 427 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs xx.xx.2022-ci il tarixdə inzibati protokol tərtib olunması üçün X3 İdarəsinə dəvət olunsa da, o, müvafiq protokolun rəsmləşdirilməsi prosesində iştirak etməmişdir. Sahibkar tərəfindən 3,12 kub metr ölçüdə reklam yayımlamaqda davam etdiyi aşkar edilmişdir. İşdə olan 30 noyabr 2022-ci il tarixli İnzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak barədə bildirişdən görünür ki, sahibkar Şəxs Gəncə şəhəri, X5 prospektində yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Şah dönər manqal” adlı obyekt üzərində (aşıq məkanda) müvafiq icazə olmadan reklam yayımını həyata keçirdiyi üçün ona göndərilmiş xx.xx.2022-ci il tarixli, Rİ-3/09/1960 saylı yazılı göstərişin alınmasından qanunla müəyyən edilmiş 5 gün müddət keçməsinə baxmayaraq bu günədək onun tərəfindən icazə alınmamış və qanunla müəyyən edilmiş yayım haqqını ödəməmişdir. O, Azərbaycan Respublikasının İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. İşdə olan Şəxs ərizəsindən görünür ki, o, ərizə ilə ADRA X3 İdarəsinə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək reklam yerləşdirilməsi üçün icazə verilməsini xahiş etmişdir. İşdə olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, Şəxs vergi ödəyicisi olan (VÖEN) ********** fiziki şəxsdir, buna görə o, vəzifəli şəxs hesab olunur. İnzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş 12 dekabr 2022-ci il tarixli, MN № ******* saylı protokol, ona əlavə edilmiş sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh növü təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 45-48, 114-116, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar